
Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət və təşəkkür edib.
Baş redaktorun məktubunda deyilir:
"Zati-ailələri! Möhtərəm Cənab Prezidentimiz!
Uğurlu daxili və xarici siyasətiniz nəticəsində iqtisadiyyatımızın sürətli inkişafı, Sizin komandanlığınız, xalq-ordu birliyinin nəticəsində Qarabağımızın işğaldan azad olması vətənini, dövlətini, xalqını sevən hər bir azərbaycanlı kimi mənim də həyatıma müsbət təsir edir. Ömrümün ən fəxarətli günlərini yaşayıram. Sizə minnətdaram ki, mənim də vətənimə, xalqıma, dövlətimə sədaqətli xidmətimi “Tərəqqi” medalı ilə qiymətləndirdiniz. Mübarək imzanızla ömrümə əlamətdar gün yazdınız.
Bu medal mənim Baş redaktoru olduğum Respublika Xatirə Kitabındakı məsuliyyətimi daha da artırır. Şəhid və itkin düşmüş vətəndaşlarımızın xatirəsini əbədiləşdirmək yolunda öhdəmizə götürdüyümüz şərəfli işi bundan sonra da layiqincə yerinə yetirmək üçün bütün gücümüzü səfərbər edəcəyik. 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün redaksiyamız yorulmadan çalışır, bundan sonra da əzmlə çalışacağıq.
Ulu Öndərimiz Heydər Əliyevin təsis etdiyi Respublika Xatirə Kitabı xalqımızın igid oğullarını unutmağa, unutdurmağa qoymur. Xalqımızın yaddaşında işıqlı xatirələrini əbədiləşdirir.
Mən Sizə həm də bir ana kimi minnətdaram ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş Müdafiə Nazirliyinin zabiti olan oğlum Ramil Səfərlini “Rəşadət” ordeni ilə təltif etmisiniz.
Vətənimizə, dövlətimizə xidmət etməkdən qürur və şərəf duyuruq”.