Ermənistanın mina təcavüzü səngimək bilmir, əksinə, günü-gündən daha çox fəlakətə səbəb olur. Torpaqlarımızı işğalda saxladığı müddətdə Ermənistan, demək olar, ərazilərimizin hər qarışına mina döşəyib.
Ərazilərimizi işğaldan azad etdikdən sonra biz Ermənistanın mina terroru ilə üzləşdik. Azərbaycan dövlətinin, ölkə Prezidentinin dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycana mina xəritələrini verməyib. Mülki vətəndaşlarımız ermənilərin ərazilərimizə basdırdığı minaların qurbanı olub, ya həyatlarını itiriblər, ya da bədən üzvlərindən olublar.
Elə ay yoxdur ki, hansısa vətəndaşımız mina terrorunun qurbanı olmasın.
Martın 9-da Tərtər sakini, martın 16-da isə iki nəfər Ağdam sakini ermənilərin basdırdığı minanın qurbanı olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü 16 mart tarixində Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu həlak olub. İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Mətbuatda gedən məlumata görə, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300 civarında şəxs minaya düşüb, onların təqribən 40-ı həlak olub.
“Əgər dünya birliyi Ermənistana təzyiq göstərərsə, o məcbur olub mina xəritələrini Azərbaycana verər, amma təəssüf ki…”
Tanınmış ekspert Akif Nəsirli bizimlə söhbətində bildirdi ki, Ermənistanın Azərbaycana mina tacavüzü ilə bağlı beynəlxalq ictimaiyyətin susqunluq göstərməsi qəbuledilməzdir. A.Nəsirli qeyd etdi ki, indiyə qədər Ermənistanın mina xəritələrini verməməsi onun cinayətkar, terrorçu mahiyyətini ortaya qoyur. “Azərbaycan iki ildən artıqdır ki, torpaqlarını işğaldan azad edib. Biz torpaqlarımızı azad etdikdən sonra çox dəhşətli mənzərə ilə rastlaşdıq, Ermənistan illər boyu bizim torpaqlarda mina basdırmaqla məşğul olub. Hər qarışda mina təhlükəsi ilə qarşılaşırıq. Uzun müddətdir ki, ANAMA minaların təmizlənməsi işi ilə məşğul olur, amma hələ də prosesi başa çatdırmaq mümkün olmayıb. Ermənistanın basdırdığı minalar insanlarımızın həyatı üçün böyük təhlükədir. Ermənistanın mina terroru davam edir, onun qurbanları sivillərdir, amma təəssüf ki, beynəlxalq təşkilatlar bu ölkəyə heç bir təzyiq göstərmir. Dünyanın gözü qarşısında Ermənistanın mina terroru və insanlıq əleyhinə cinayətləri davam edir, lakin ona təpki göstərilmir”.
A.Nəsirli qeyd etdi ki, Ermənistanın bizə bir neçə dəfə yanlış xəritələr verməsi bu ölkənin cinayətkar mahiyyətini ortaya qoyur və əslində, onun hədəfinin dinc azərbaycanlılar olduğunu sübut edir. “Təsəvvür edin ki, bu nə deməkdir. Ermənistana bir kimsə gözün üstə qaşın var demir. Niyə? Çünki ermənilər o beynəlxalq təşkilatların qida mənbəyidir. Onlardan hər cür istifadə edirlər. Əgər dünya birliyi Ermənistana təzyiq göstərərsə, o məcbur olub mina xəritələrini Azərbaycana verər, amma təəssüf ki, biz bunu görə bilmirik. Ermənilərin mina terroru nə qədər vətəndaşımızın həyatına son qoyub. Fikrimcə, dünya ictimaiyyəti Ermənistana təzyiq göstərməlidir”-deyə A.Nəsirli qeyd etdi.
Əli TURABOV