Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında 10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli razılaşmanı əsas gətirərək demişdi ki, Qarabağın təhlükəsizliyinin təminatçısı Rusiya Federasiyasıdır və o, bu rolu yerinə yetirməlidir: “Qarabağın təhlükəsizliyinin təminatçısı Rusiya Federasiyasıdır”.
Rusiyanın "Kommersant" qəzetində Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata dair sözlərini təkzib edən məqalə dərc olunub. Qəzet Paşinyanın Qarabağda təhlükəsizliyin qarantının Rusiya Federasiyası olduğuna dair tezisi "yetərincə gözlənilməz" adlandıraraq Nikolun yalanını ifşa edib. Yazıda qeyd edib ki, üçtərəfli bəyanatda Moskvanın Qarabağla bağlı təminat verdiyi qeyd olunmayıb: “Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Rusiya tərəfindən Qarabağla bağlı təminata dair heç bir xatırlatma yoxdur”.
Məqalədə Paşinyanın Ermənistanın təkcə Rusiyaya bel bağlaya bilməyəcəyinə dair sözlərinə istinad olunur: “Biz qeyd etməliyik ki, mövcud təhlükəsizlik arxitekturası işə yaramadı. Dürüst olmaq lazımdırsa, biz onun işə yaramayacağını bilirdik”.
“Paşinyan məsuliyyəti Kreml üzərinə atmaqla, öz çirkin siyasi oyunlarını davam etdirmək istəyir”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, Paşinyan keçirdiyi sonuncu ənənəvi mətbuat konfransında yenə hər zamankı qeyri-siyasi xəttinə sadiq qaldı: “Bütövlükdə, bu gün həm Qərb, həm də Rusiya Paşinyanın riyakar siyasət həyata keçirməyindən ciddi formada cana yığılıb. Əvvəla, nəzərə almaq lazımdır ki, Qarabağla bağlı hansısa təminatçı varsa, o da Azərbaycandır, Rusiya deyil. Digər tərəfdən, Ermənistan guya Azərbaycanla sülhdən danışır, o biri tərəfdən ölkəmizin əraziləri ilə bağlı fikir bildirmək cəhdlərini biz açıq şəkildə müşahidə edirik. Bu, Azərbaycanla Ermənistan arasında formalaşa biləcək sülh və etimada ən böyük zərbələrdən, təhdidlərdən biridir. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti hələ də ağlını başına yığmayıb. Paşinyanın müxtəlif manevrlər edərək fərqli açıqlamalar verməsi əslində bir siyasi rəhbər olaraq onun özünə və xalqına, eyni zamanda dövlətinə nə qədər hörmətsiz yanaşdığını ortaya qoyur. Rusiya sülhməramlı qismində Qarabağda ola biləcək qarşıdurmaların qarşısını almaqda vasitəçilərdən biridir. Bu o demək deyil ki, Rusiya Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantıdır. Üçtərəfli razılaşmanın bəndlərində belə bir məqam yoxdur. Paşinyan məsuliyyəti Kreml üzərinə atmaqla, öz çirkin siyasi oyunlarını davam etdirmək istəyir. Rusiya tərəfi də bunun fərqində olduğu üçün media üzərindən ona dolayı mesaj verir. Üstəlik, bu vasitəçilik missiyası da müvəqqəti olaraq Rusiyanın üzərinə düşür. Yəni artıq sülhməramlıların fəaliyyət müddətinin başa çatmasına da az qalıb. Belə olan təqdirdə Paşinyanın ölkə ərazilərini Avropa İttifaqının müşahidə missiyası adı altında casus şəbəkələrinə peşkəş edib müxtəlif açıqlamalarla Rusiyaya yarınmağa çalışması nəyisə dəyişmir. Çünki bu, Rusiyanın siyasi və hərbi elitası tərəfindən ciddi qarşılanmır”.
Vidadi ORDAHALLI