Ermənistan Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətinə müraciəti ilə bağlı sualı cavablandırarkən deyib ki, bir vaxtlar Naxçıvanda yaşamış, daha sonra oradan qovulan ermənilər Ermənistan hökumətinə suallar verirlər:
“Naxçıvan erməniləri Ermənistan hökumətini öz qanuni hüquqlarının həyata keçirilməsinə mane olduğuna görə qınayırlar”.
Nikol iddia edib ki, həmin vaxt Naxçıvanda erməni tarixi-mədəni irsi məhv edilib:
“Bütün əsr boyu məcburi ermənisizləşdirmə aparıldı və bir müddət sonra orada bir nəfər də olsun erməni qalmadı”.
Baş nazir Bakı, Sumqayıt, Gəncə və digər azərbaycanlı yaşayış məntəqələrindən erməni əhalisinin kütləvi deportasiyasını da xatırladıb:
“Azərbaycandan qovulan ermənilərin kompensasiya tələb etmək hüquqları var. Bu insanlar öz hüquqları uğrunda mübarizə aparacaqlar”.
Paşinyan hətta iddia edib ki, Ermənistanda heç vaxt zorla köçürülmə və qovulma prosesi baş verməyib:
“Onlar öz xoşları ilə getdilər. Düzdür, geosiyasi vəziyyət təsir göstərdi, amma heç bir qovulma olmayıb”.
Paşinyanın, xüsusilə də Naxçıvanla bağlı iddiaları diqqət çəkir. Bununla bağlı siyasilər nə düşünür?
Əslən Naxçıvandan olan müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərə dəfələrlə müxtəlif səviyyələrdə bu saxta tarixlərindən niyə imtina etmədikləri ilə bağlı suallar verilib: “Onlardan soruşulub ki, əgər tarixən bu ərazilərdə yaşayıblarsa və dövlətləri olubsa, niyə onların orta əsirlərə aid şairləri, dövlətləri yoxdur? Hər dəfə ermənilər belə sualların qarşısında çıxılmaz vəziyyətdə qalır. İndi də həmin addımları Naxçıvanla bağlı atmaq istəyirlər. Naxçıvanın tarixən türk, oğuz yurdu olduğuna heç bir şübhə yoxdur. Hətta “Dədə Qorqud”da Naxçıvanın bir neçə bölgəsinin adı çəkilir. Şəril, Dərə Şam kimi toponim adlarından bəhs olunur. Ermənilərin Naxçıvan iddiası ilə ortaya çıxması suyu bulandırmaqdan başqa nəsə deyil. Onlar Azərbaycan dövlətinin siyasəti qarşısında duruş gətirə bilmədikləri üçün belə “saman çöpləri”nə əl atırlar. Çar Rusiyası Azərbaycanın quzeyini işğal edəndən sonra Osmanlı və Qacar İmperiyasından erməniləri köçürüb müxtəlif bölgələrimizdə, o cümlədən Naxçıvanda yerləşdirib. Naxçıvanın bir çox kəndlərində ermənilər yaşayıb. Amma onlar kompakt məskunlaşmayıblar. Birlikdə yaşamayan bir etnik qrupun mədəni irsinin olması məntiqsizdir. Tək-tük erməni üçün kilsənin tikilməsi, hansısa məktəbin açılması gülməli və məntiqsizdir. Ermənilər Azərbaycanın yalnız və yalnız Qarabağ bölgəsində nisbətən kompakt yaşayıblar. Bu da 20-ci əsrin əvvəlinə təsadüf edir. Qalan yerlərdə onlar kompakt yaşamayıblar”.
Ermənilərin Naxçıvana qarşı irəli sürdüyü iddiaların heç bir tarixi əsası yoxdur və erməni faktoru bu torpaqlarda ancaq rusların gəlişindən, 1828-ci ildən sonra meydana çıxıb. Rusiya sərhəd bölgələrində özünə xristian çoxluğu yaratmaqla həm də sosial dayaqlarını gücləndirmək niyyətində olduğundan bu addımı atıb. Biz ancaq cavab xarakterli tədbirlərdə fəal oluruq, ermənilər bir iftiraya əl atanda onlara cavab verməklə kifayətlənirik. Amma öz həqiqətlərimizi dünya ölkələrində çap edib beynəlxalq aləmin qəbul etdiyi dildə filmlər çəkib nümayiş etdirməliyik. Bakıda erməni kilsəsi hazırda yerində qalır, dağıdılmayıb. Lakin buna adekvat olaraq İrəvanda olan qədim məscidlərin hamısı darmadağın edilib, ermənilərin işğalı altında olan ərazilərdə tarix-mədəniyyət abidələrinin əksəriyyəti yer üzündən silinib. Ermənilər ilk növbədə buna cavab verməlidirlər. Cavab versinlər ki, bu abidələri niyə yox etdilər. İrəvan xanlığı dövründə xanlığın ərazisində olan Azərbaycanın dini və mədəniyyət abidələrindən niyə biri də qalmayıb?
Xristian abidələrinin bir hissəsi alban abidələridir ki, onların ermənilərə heç bir dəxli yoxdur. Bu, ermənilərin mədəniyyət müftəxorluğudur və digər xalqların yaratdığı mədəniyyətə sahib çıxmaq cəhdidir.
Məhəmmədəli QƏRİBLİ