Bakıda məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Ağayarov Murad Hüsən oğlu Prezident İlham Əliyevə müraciət edib.
“Biz Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlər daim Sizin və Mehriban xanım Əliyevanın diqqət və qayğısını görmüşük. 1993-cü ildə erməni təcavüzü nəticəsində torpaqlarımız işğal olunduqdan sonra müvəqqəti olaraq Ceyranbatan qəsəbəsi ərazisində məskunlaşdıq, şəraitimiz çox acınacaqlı və ağır idi. 2012-ci ildə Sizin tapşırığınıza əsasən Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 1680 ailə üçün nəzərdə tutulan binalar inşa edildi və 2013-cü ildə biz məcburi köçkünlərə verildi. Hazırda həmin mənzillərdə çox gözəl şəraitdə yaşayırıq.
...Koronavirus pandemiyasının bütün dünyaya sürətlə yayıldığı zamanda Sizin vaxtında müdrik və çevik addımlarınız sayəsində bizim ölkədə virusun geniş yayılmamasının, insan ölümünün çox olmasının qarşısı alınmaqdadır. Pandemiyanın bütün dünyaya vurduğu iqtisadi zərərə baxmayaraq, bizim ölkədə abadlıq-quruculuq işləri dayanmadı və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün binaların inşası başa çatdırıldı. Ötən ay “Qobu Park 3” yaşayış kompleksinin açılışı buna əyani sübutdur.
Bütün bu görülən işlər Sizin apardığınız uğurlu xarici və daxili siyasətin nəticəsidir. Biz məcburi köçkünlər hər zaman ətrafınızda sıx birləşərək Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik” - deyə M.Ağayarov vurğulayır.
Baki-xeber.com