Ermənistanda həbslər və təqiblərin neçə vaxtdır davam etməsinə rəğmən, Qərbdən reaksiya gəlmirdi. Adətən, Qərb baş verənləri susqunluqla izləyir. Faktiki olaraq, ikili standartlardan çıxış edən Avropa təsisatları bütün bunları görməzdən gəlirlər. Hansı ki, Ermənistanda həbslər və təqiblər uzun müddətdir davam edir, lakin hər hansı bir reaksiya daxil olmur.
Baş nazir Nikol Paşinyan isə repressiv addımlarını belə izah edir ki, “Çiçəklənən Ermənistan” Partiyasının üzvlərinə və Qaqik Çarukyanın qohumlarına qarşı cinayət işləri 2018-ci ildə açılıb. O, çıxışı zamanı Çarukyanın partiyasının bağlanması ehtimalına da eyham vurub: “2017-ci ildə sistemli şəkildə rüşvət paylanması, saxtalaşdırmada iştirak edən partiyaların buraxılmasına dair qanun layihəsi hazırlanıb. Bu qanun layihəsini geri qaytarmaq və belə partiyaları qadağan etmək barədə düşünmək lazımdır”.
Belə görünür ki, artıq Qərb də susqunluğu pozmaq üzrədir. Belə ki, Avropa İttifaqı Şurasının keçmiş sədri, Avropa Xalq Partiyasının rəhbəri Donald Tusk “Tvitter” səhifəsində Ermənistan hakimiyyətinin atdığı addımları sərt tənqid edib. O, Ermənistan hökumətini müxalifətə qarşı təzyiqlərdən çəkinməyə çağırıb: “Avropa Xalq Partiyası Ermənistanda demokratiyanın geriləməsinə dair çoxsaylı haldan narahatdır”.
Tuskun bu açıqlaması Ermənistanda baş verənlərə Qərbdən daxil olan ilk reaksiyadır. Maraqlıdır, Qərbin Ermənistanda baş verənləri susqunluqla izləməsi fonunda Tuskun bunu kəskin pisləməsini ekspertlər necə dəyərləndirirlər?
“Hesab edirəm ki, Avropa təsisatları adekvat reaksiya bildirməyə məcbur olacaqlar”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Qərb uzun müddət Ermənistanda baş verənləri susqunluqla izləyə bilməz: “Aydın məsələdir ki, Qərb Ermənistana ikili standartlarla yanaşır. Çünki Paşinyanın hakimiyyətə gətirilməsi Qərbin layihəsi idi. O üzdən, Qərb Ermənistanda baş verən repressiyaları görməzdən gəlir. İlk vaxtlar Paşinyana böyük ümid var idi. Elə düşünürdülər ki, o, ciddi inqilablar həyata keçirəcək. Nəticədə Ermənistanı əsaslı şəkildə dəyişəcək. Ancaq çox keçmədi ki, beynəlxalq qurumlar bunun əksini gördülər. İndiki məqamda Qərb ona görə tələsmir ki, alternativ siyasi qüvvələr formalaşmayıb. Qərb Rusiyanın təsiri altında olan “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsini istəmir. Hesab edirlər ki, onlar da təzyiqə başlasalar, Paşinyanın devrilməsi qaçılmaz olacaq. Zatən, ölkədə siyasi vəziyyət gərgindir. Ancaq Paşinyanın heç bir sərhəd tanımaması və Tuskun buna görə tənqid mesajını səsləndirməsi sükutu pozdu. Hesab edirəm ki, Avropa Parlamenti, ATƏT, Avropa Şurası və digər təsisatlar adekvat reaksiya bildirməyə məcbur olacaqlar. Proseslər artıq o istiqamətdə inkişaf edir”.
Vidadi ORDAHALLI