İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində bütün dünya üçün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın hökumət başçısı Nikol Paşinyanın fəaliyyətinə qiymət vermək şansı yarandı.
Daha doğrusu, İlham Əliyev növbəti dəfə Paşinyana öz yerini göstərməklə həmin ölkənin pandemiayadan da istifadə edib diləndiyini ifşa etdi. Bir daha göründü ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir.
Ölkələrin bu istiqamətdə kənardan görünüşü nələri söyləməyə əsas verir?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, bu müqayisə Ermənistanın hansı səviyyədə olduğunu bir daha üzə çıxarmış oldu:“Məlum olduğu kimi, koronavirus pandemiyası Cənubi Qafqaz regionundan da yan keçməyib. Gürcüstan, Azərbaycan və Ermənistanda minlərə insan COVİD-19-dan müalicə alır. Bu ölkələrin koronavirusla mübarizədə əldə etdiyi nəticələr müxtəlifdir. İstər ərazi (29,8 min kv. km), istərsə də əhali sayı baxımından (2,9 milyon) Cənubi Qafqazın ən kiçik ölkəsi Ermənistan pandemiyanın mənfi göstəricilərinə görə regional liderdir. 69,7 min kvadrat kilometr sahəsi və 3,7 milyon sakini olan Gürcüstanda koronavirusla bağlı mayın 22-nə qədər fövqəladə vəziyyət mövcud olub. Ərazisinin böyüklüyünə (86,6 min kvadrat kilomter) və əhalisinin çoxluğuna görə (10 milyon) Cənubi Qafqazın lider ölkəsi Azərbaycan virusla mübarizədə də ön pillədədir. Belə ki, istər koronavirusdan sağalanların çoxluğuna, istərsə də ölü sayının azlığına görə Azərbaycan Ermənistan və Gürcüstanı geridə qoyur. Bununla yanaşı, Azərbaycan nadir ölkələrdəndir ki, pandemiya ilə mübarizədə heç kimdən yardım istəməyib, əksinə, başqa dövlətlərə və ÜST-ə yardım edib. Bu, ölkənin qüdrətinin, gücünün göstəricisidir. Ermənistanın dilənçi mahiyyəti hamıya məlum idi. İndiyə kimi də onlar ölkəni dünyadakı erməni diasporundan pul dilənərək ayaqda saxlayıblar. Belə bir xəstəliyin olması onlara yaxşı şans verdi. Paşinyan Avropa İttifaqına maliyyə yardımı ilə bağlı hələ hakimiyyətə gəldiyi ilk günlərdə müraciət edib. Amma bu müraciət Aİ tərəfindən maraqsız qarşılanmışdı. Avropa İttifaqı dəfələrlə Ermənistana kredit ayrılmaqla bağlı niyyətinin olmadığını açıqlasa da, Painyan israrlı şəkildə onlardan pul istəyirdi. Bəllidir ki, kredit hər hansı məqsədə, layihəyə görə ayrılır. Ermənistanda isə Aİ üçün maraqlı olan heç bir layihənin olmadığını nəzərə alsaq, Aİ rəsmiləri də bu niyyətdə olmadıqlarını açıqlayırlar. Paşinyanın Avropa İttifaqından maliyyə vəsaiti istəməsi Ermənistanın acınacaqlı vəziyyətindən xəbər verir. Xəstəliklə bağlı olunan yardım isə məcburiyyətdəndir. Çünki Ermənistan bununla bütün dünyanı şantaj edir ki, virusu hər yerə yaya bilərlər. Paşinyan bu yardımla hansısa məsələləri çözmək, müəyyən problemləri həll etmək niyyətindədir. Bildiyiniz kimi, Ermənistanda çox ağır sosial-iqtisadi vəziyyət hökm sürür. Yəqin ki, o, vətəndaşlarının pensiya təminatı, maaşların verilməsi kimi məsələləri həll etmək istəyir. Bu, eyni zamanda, Ermənistanın hansı səbəbdən belə dilənçi vəziyyətə düşdüyünü üzə çıxarır. Şübhəsiz ki, Ermənistan öz işğalçı siyasətinə son qoysaydı, vəziyyəti belə katastrofik olmazdı. Amma görünən budur ki, Ermənistan dilənçi halından belə utanmır”.
Məhəmmədəli QƏRİBLİ