Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Painyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti məsuliyyətsiz bəyanatına kəskin cavab verib.
Nikol Paşinyan həmin formatda Qarabağ danışıqları prosesi üçün pozucu mövqeyini yenidən bəyan etdi. O, əvvəlki bəyanatlarını təkrar edərək bildirdi ki, problem öz həllini Azərbaycan, Ermənistan və “Artsax” xalqları arasında məqbul variantda tapmalıdır. İlham Əliyevin ona cavabı isə sərt və məntiqli oldu:"Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".
Paşinyanın münaqişənin həlli ilə bağlı sülh danışıqlarına xələl sayılan mövqeyini davam etdirməsi nə ilə izah oluna bilər?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın illərdən bəri ən yüksək səviyyədə dünyaya bəyan etdiyi həqiqət belədir: Azərbaycan dövləti heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına razı olmayıb və gələcəkdə də buna imkan verməyəcək:“Bunu Ermənistan rəhbərliyi dəqiq bildiyi üçün belə təxribatçı bəyanatlar verir. Bu cür bəyanatlar həm sülh danışıqlarının ruhuna ziddir, həm də hər iki ölkənin tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun deyil. Bəli, ölkə başçısı doğru qeyd edib ki, iki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan buna əməl etməyə borcludur. Ermənistan tərəfi bu mövqeyini istər Paşinyanın, istərsə də başqa rəsmilərinin dilli ilə ifadə edib. Bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Cenevrədə Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçirilən görüşdən dərhal sonra Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan sülh prosesinə “Artsax xalqının seçilmiş nümayəndələrinin” cəlb edilə biləcəyi kimi təxribat xarakterli fikir səsləndirməklə, danışıqlara kölgə salmağa cəhd etmişdi. Ermənistan tərəfi aparılan danışıqların həssas məqamlarında bu cür təxribatçı metodlardan istifadə edərək münaqişənin sülh yolu ilə tənzimlənməsinə həmişə əngəllər yaradır. “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan xalqının tərkib hissəsidir və Azərbaycan vətəndaşlarıdır. Heç bir əsası olmayan “Artsax xalqı” anlayışına dəfələrlə aydınlıq gətirilsə də, Ermənistan hər dəfə bu məsələni gündəmə gətirməklə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoymuş olur və dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməkdən də çəkinmir.
Ermənistanın hakim dairələrinə bu məsələdə ən tutarlı cavabı ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərində “Valday” beynəlxalq klubunun sessiyasında verdi və bəyan etdi ki, “Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur, Dağlıq Qarabağın əhalisi var". Dağlıq Qarabağ əhalisinin bərabərhüquqlu azərbaycanlı və erməni icmalarından ibarət olmasına dair mövqenin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il verdikləri bəyanatlarda və Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya səfəri zamanı verdiyi açıqlamasında təkrarlandığının şahidi olduq. Bu məsələ 1992-ci ilin 24 mart tarixli ATƏT-in Helsinki Nazirlər Şurasının sənədində də təsbit olunub. Ermənistanın rəsmi dairələrinin əsassız bəyanatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağ probleminin həlli prosesinin qarşısını ala bilməyəcək”.
Məhəmmədəli QƏRİBLİ