Prezident İlham Əliyev artıq neçənci dəfədir ki, Ermənistanın baş naziri Nikol Paşinyana sözün əsl mənasında siyasi dərs verir. Lakin hər dəfəki biabırcı mənzərədən dərs çıxarmaq əvəzinə, erməni baş nazir yenidən öz ampluasına dönməyi məqbul sayır.
Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı davranışı onun yaxın tarixi keçmişdən müvafiq nəticələr çıxarmadığını təsdiqləyir. O, öz sələfləri kimi daxili auditoriyaya ünvanlanmış populist, məsuliyyətsiz, ziddiyyətli və bir çox hallarda avantürist bəyanatlar verməkdə davam edir. Xüsusilə Nikol Paşinyanın işğal altındakı Azərbaycan ərazisində -Xankəndidə dar çevrədə səsləndirdiyi “Dağlıq Qarbağ Ermənistandır. Nöqtə” sərsəm fikri işğalçı ölkənin özündə belə qeyri-ciddi və populist mövqe kimi qarşılanmışdı. Azərbaycan xalqı isə görür ki, Prezident İlham Əliyev ən mühüm ümummilli problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son dərəcə prinsipiallıq və qətiyyət göstərir. Sonuncu dəfə bu davranışı Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında nümayiş etdirdi. Münaqişənin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-nın müvafiq qətnamələrinin kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliynin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kimi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Çıxışının sonunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “ Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı “ Dağlıq Qarabağ Azərbaycandır və Nida işarəsi “ hökmünü irəli sürdü. Prezidentin bu qətiyyətli mövqeyi Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qarşılandı. Paşinyanın ən qatı silahdaşları belə onu böyük diplomatik məğlubiyyətdə qınayır, Azərbaycan Prezidentinin böyük uğurunu etiraf edirlər.
Valday nokautundan sonra Azərbaycan Prezidenti Türkmənistanda - MDB-nin sammitində də N.Paşinyanı çıxılmaz vəziyyətə saldı. MDB-də faşizm üzərində qələbənin 75 illiyinin keçirilməsinə hazırlıq məsələsi müzakirə edilərkən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın keçmiş rəhbərliyinin faşist Njdeyə abidə qoyduğunu, indiki rəhbərliyin isə bu abidəni demontaj etmədiyini və faşistləri qəhrəmanlaşdırmaqda davam etdiyini sammit iştirakçılarına və dünyaya elan etdi. Ermənistanın Baş naziri, təbii ki, faşizm üzərində qələbənin 75 illiyi mövzusunun müzakirəsi zamanı Prezident İlham Əliyevin bu ittihamına cavab verə bilməzdi. Sadəcə arqumenti yox idi!
Azərbaycan Prezidentinin həmin bəyanatının bir neçə hədəfi var idi. Birincisi, MDB-nin sammitini təkcə region ölkələri deyil, dünya diqqət mərkəzində saxlayır və orada verilmiş bəyanat daha geniş beynəlxalq miqyasda yayılır. Odur ki, yer və zaman olaraq bəyanat yerində və anında verilmiş bəyanatdır. İkincisi, Njdeyə abidə məsələsi Ermənistanı rus xalqı ilə birlikdə faşizmlə müharibədə böyük itkilər vermiş bütün xalqlarla üz-üzə qoyur. Odur ki, Prezident İlham Əliyev bu ittihamı səsləndirərkən faşizmdən ən çox əziyyət çəkmiş ölkələrin prezidentləri - V.Putin və A.Lukaşenko ilə bir masanın arxasında olan N.Paşinyanın hansı vəziyyətə düşdüyünü görmək maraqlı olardı. Bununla da Ermənistan Valdaydan sonra ikinci, “Aşqabad şoku”nu yaşadı.
Valday və Aşqabad gedişləri göstərdi ki, Azərbaycan Prezidenti diplomatik gedişlərlə rəqibi çıxılmaz vəziyyətə salmaq üçün yeri və anı ustalıqla seçir və psixoloji üstünlüyü ələ almağı bacarır.
Tərəflər arasında Davos Ümumdünya İqtisadi Forumu formatında da görüş olub. Tədbirin təşkilatçıları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü forumun 33 əsas hadisəsi sırasına daxil edib. Sözügedən formatda keçirilən görüşdə də İlham Əliyev qətiyyətli və prinsipial mövqeyi ilə Paşinyana sözün əsl mənasında növbəti diplomatik dərs keçib.
Paşinyan növbəti və ən sarsıldıcı şoku isə Münhendə yaşayıb. Münhen Təhlükəsizlik Konfransının 56-cı toplantısının ən önəmli hadisəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələr və Prezident İlham Əliyevin Ermənistanın hökumət başçısına tarixi həqiqətlər və beynəlxalq hüquqla bağlı verdiyi dərs oldu. Həmin debatda əvvəlcə Prezident İlham Əliyevin Azərbaycanın və onun ayrılmaz bir parçası olan Dağlıq Qarabağın tarixi, münaqişənin yaranma səbəbləri və Ermənistanın baş nazirinin əsassız iddialarına diqqət çəkdi. Prezident İlham Əliyev tarixi müstəvidə çıxışına 1805-ci ildə Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının generalı Sisianov arasında imzalanan sazişdən başladı. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığının müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçdiyini qeyd etdi. Yəni Prezident İlham Əliyev məsələni tarixi müstəvidən hansısa salnaməçilərin, yaxud maraqlı tərəflərin uydurduğu xronikadan deyil, beynəlxalq münasibətlərin subyekti olan və hazırda da qorunub saxlanan dövlətlərarası müqavilələrdən başladı. Prezident İlham Əliyevin Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla bağlı söylədikləri, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı söylədikləri də mübahisə doğurması mümkün olmayan tarixi faktlara söykənirdi və bu faktlar sənədlər şəklində bu gün Rusiya və dünyanın ayrı-ayrı ölkələrində qorunub saxlanır.
Nikol Paşinyan hər hansı bir tarixi sənədlə təsdiq olunması mümkün olmayan, erməni salnaməçilərinin uydurduğu və yalnız ermənilərin inandığı söz yığınından ibarət tarixi dedi-qodularla Azərbaycan Prezidentinə cavab verməyə cəhd göstərdi. Paşinyanın “Böyük Tiqranın romalı hərbi lider Pompeylə danışıqlar aparması” barədə söylədikləri isə, təkcə onun savadsızlığını və səriştəsizliyini yox, həm də yalan üzərində qurulan erməni təbliğatının mahiyyətini ortaya qoydu.
Nikol Paşinyan hər dəfə Prezident İlham Əliyevin onu acınacaqlı duruma salan fikirlərinə cavab vermək istəyəndə öz vəziyyətini daha da pisləşdirdi. Bu Xocalı soyqırımı, Şaumyan rayonu ilə bağlı fikir mübadiləsində də özünü qabarıq şəkildə göstərdi. Həmin debatda, sadəcə Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub oldu.
Paşinyan növbəti dərsini iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində aldı. Paşinyan çıxışında daha bir yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana esktradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittihamı edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi.
Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində əsas məqsədinin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir.
Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuolunan vəziyyət deyil.
Məhəmmədəli QƏRİBLİ