Dünya miqyasında aparıcı sayılan beynəlxalq təşkilatlarda Azərbaycan Ermənistanın işğalçılıq siyasətini ifşa etməkdə, bu xüsusda yeni çoxsaylı sənəd və qətnamələrin qəbuluna nail olmaqdadır. Təbii ki, bütün bunlar nəticə etibarı ilə Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ətrafında mövqeyini daha zəif hala gətirir, ona qarşı dünya ictimaiyyətinin yanaşmasında dəyişikliklərə rəvac verir. Məsələn, elə bu günlərdə Avropa Parlamentinin üzvlərinin Ermənistanı Azərbaycanın işğal edilmiş əraziləri ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı yaydıqları bəyanat işğalçı üçün şok effekti yaratdı.
Həmin bəyanatda deyilir ki, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçərək Ermənistandakı Qafan rayonunu işğal altında olan Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüququ pozub. İtaliyanın “Notiziegeopolitiche” və “Eurasianews” analitik xəbər portallarında isə yenidən bu məsələyə toxunulub. Burada qeyd olunur ki, 1992-ci ildən etibarən Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilər bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınır:“Belə vəziyyətdə Avropa Parlamentinin üzvlərinin bəyanatı göstərir ki, Avropa Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllini süni şəkildə uzatmaq və status-kvonu qorumaq cəhdlərinin zərərli təsirlərini başa düşür və Ermənistan rəhbərliyini təxribatçı ifadələrdən çəkinməyə, Azərbaycanla konstruktiv dialoqa başlamağa çağırır. Bunlar göstərir ki, beynəlxalq ictimaiyyət artıq təcavüzə biganə qalmır, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha adekvat cavab verir”. Təsadüfi deyil ki, Avropa Parlamentinin nümayəndələrinin bəyanatı Ermənistanda böyük narazılığa səbəb olub. Ermənistanın ombudsmanı Larisa Alaverdyan bu sənədi Ermənistan parlament diplomatiyasının tam iflası, analitik Karen Bekaryan isə bu hadisəni Ermənistanın xarici siyasətinin Avropa və parlament diplomatiyasına münasibətdə rüsvayçı uğursuzluğu kimi qələmə verir. Amma Ermənistanın Avropa miqyasında aldığı diplomatik zərbələr təkcə bunlarla məhdudlaşmır.
Avropa Xalq Partiyasının prezidenti Donald Tuskun da məsələyə münasibəti olduqca maraqlıdır. Belə ki, o, bütün “Şərq Tərəfdaşlığı” məkanında davam edən regional münaqişələrin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü əsasında nizamlanmasına çağırıb. Tusk yaydığı bəyanatında vurğulayıb ki, onun partiyası Avropa İttifaqınin “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin tanınmış sərhədləri çərçivəsində onların ərazi bütövlüyünü dəstəkləyir. Tuskun bəyanatında işğalçılar və onların separatçı oyuncaqları tərəfindən spekulyasiya edilən “təyini-müqəddərat hüququ”nun adı belə çəkilmir. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ATƏT-in Minsk Qrupunun səylərinin dəstəklənməsi bildirilir. İki digər prinsiplə yanaşı, məhz 1975-ci ilin Helsinki Yekun Aktı kontekstində təyini-müqəddərat hüququnun daxil olduğu ATƏT-in Minsk Qrupunun baza prinsiplərinə istinad edilməsi faktı o deməkdir ki, Avropa Parlamentinin ən iri partiyalarından biri “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı dövlətlərindən hər hansı birinin ərazi bütövlüyünü pozan hansısa xarici təyini-müqəddəratı rədd edir. Bu mövqeni vurğulamaq və spekulyasiyaya bəhanə yaratmamaqdan ötrü Tusk bilərəkdən öz bəyanatında “təyini-müqəddərat hüququ”nu xatırlatmayıb. Bunların ardınca Avropa miqyasında Ermənistana növbəti zərbə Avropa İttifaqına üzv dövlətlərin və “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında baş tutan sammitində çıxışı zamanı Prezident İlham Əliyev tərəfindən gəlib. Burada dövlət başçısı bir daha Ermənistanın işğalçı siyasətinin mahiyyətini diqqət mərkəzinə gətirb: “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”. Avropa Parlamentinin üzvlərinin bəyanatı, ardınca Donald Tuskun mövqeyi və bunlardan sonra mühüm bir beynəlxalq tədbirdə Prezident İlham Əliyevin dedikləri Avropada Ermənistana vurulan yeni sərt diplomatik zərbələr sayılır. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən bu əhəmiyyətli dəstək Ermənistanın işğal siyasətinin iflası da sayılır.
Ermənistana bu xüsusda daha bir sərt zərbə isə BMT səviyyəsində vuruldu. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında Azərbaycan ərazilərini işğal edən təcavüzkar Ermənistanın beynəlxalq hüquqi öhdəlikləri barədə geniş və əhatəli məruzə dərc edilib. Əsas müəllifi Böyük Britaniyadan olan professor, kral vəkili Malkolm Şou olan bu məruzənin əsas müddəaları Ermənistanın işğalçı mahiyyətini açıq şəkildə meydana qoyur. Burada qeyd edilir ki, Ermənistanın nizami silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal olunmasında bilavasitə iştirak edib:“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində oyuncaq rejim qurub və onun mövcudluğunu müxtəlif üsullarla, o cümlədən həmin ərazilərdə hərbi iştirakını saxlamaq yolu ilə dəstəkləməkdə davam edir. Ermənistan oyuncaq rejim pərdəsi arxasında özünün təcavüzkar rolunu gizlətməyə çalışaraq beynəlxalq hüququn bu pozuntularına görə məsuliyyəti öz üzərindən götürə bilməz. Beynəlxalq hüquq güc tətbiq edilməklə ərazilər əldə olunmasını qadağan edir. Buna görə də Ermənistan və ya onun oyuncaq rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində görülən hər hansı tədbir bu ərazilərin əvvəlki hüquqi statusunu dəyişdirə bilməz və beləliklə həmin ərazilər beynəlxalq hüquqa görə Azərbaycan əraziləri olaraq qalır. Ermənistan onun tərəfindən beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqları hüququnun pozulmasına görə dövlət məsuliyyəti daşıyır. Bu cür pozuntular sırasına Azərbaycanın işğal olunmuş ərazilərinə şamil edilən qanunlarını və hüquq sistemini dəyişdirmək cəhdləri, əmlak hüquqlarına qəsd edilməsi, mədəni və tarixi əhəmiyyətli obyektlərin dağıdılması və ya məhv edilməsi, işğal olunmuş ərazilərdə erməni məskənlərinin yaradılması, himayə edilən şəxslərlə lazımınca davranılmaması və onların zorakılıqla yox edilməsi aiddir. Ermənistan həm törətdiyi pozuntulara son qoymalı, həm də bu pozuntularla bağlı ziyanı ödəməlidir. Beynəlxalq humanitar hüquqa və beynəlxalq insan haqları hüququna görə bu cür öhdəliklərə Ermənistana münasibətdə qüvvədə olan mexanizmlər, məsələn, BMT-nin insan haqları üzrə müqavilə orqanları və müvafiq beynəlxalq məhkəmə təsisatları tərəfindən nəzarət edilə və həyata keçirilə bilər. Təcavüzün gedişində Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımına gəldikdə isə, buna görə fərdi məsuliyyət milli məhkəmələr, o cümlədən cəlb edilmiş müxtəlif dövlətlərin və ya üçüncü dövlətlərin məhkəmələri vasitəsilə həyata keçirilə bilər, Ermənistanın bir dövlət kimi məsuliyyəti isə müvafiq dövlətlərarası mexanizmlər vasitəsilə təmin edilə bilər”. Onu da qeyd edək ki, Ermənistanın işğalçı siyasətini ifşa edən məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi statusu ilə nəşr edilib və yayılıb. Bütün bunlar beynəlxalq təşkilatlar miqyasında Azərbaycan diplomatiyasının Ermənistanı diz çökdürməkdə olduğunu göstərir. Bunlar, eyni zamanda, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün, hərbi güc də daxil olmaqla, bütün vasitələrdən istifadə etmək hüququnun reallaşması baxımından da zəruri əhəmiyyət kəsb edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.