Rusiyanın məşhur Lenta.ru saytında dərc olunmuş “Biz cəhənnəmə gedirik” başlıqlı məqalədə qeyd edilir ki, Ermənistan COVID-19 koronavirus infeksiyası ilə savaşı uduzub. Ölkədə xəstəliyin sürətlə yayılması yenidən müşahidə olunur, ağır vəziyyətdə olan pasiyentlərin faiz nisbəti kəskin şəkildə artıb, səhiyyə sisteminin resursları tükənməkdədir: “Ölkədə vəziyyət həqiqətən də pisləşib: bütün dünya məhdudiyyətləri aradan qaldırır və koronavirus epidemiyasının azalmasını qeyd edir, Ermənistanda isə xəstələrin sayı üç dəfə artıb”.
Müəllif hesab edir ki, Paşinyan güc strukturlarının koronavirusla mübarizə aparmasına inanmır, bu məsələdə onlara eibar etmir: “Hakimiyyət orqanları vəziyyətin pisləşməsində dərhal vətəndaşları təqsirləndiriblər – Paşinyan göstərir ki, xalq xüsusən İrəvanda təhlükəsizlik tədbirlərinə kütləvi şəkildə etinasızlıq göstərir. Baş nazir qaydaları pozanlara qarşı elə həmin “Facebook”un köməyilə mübarizə aparır, vaxtaşırı küçələrdə sosial məsafəni və evdən kənarda maskasız olmaq barədə qadağanı pozan insanların fotoşəkillərini dərc edir. O, sosial şəbəkənin digər istifadəçilərini də bu “kütləvi epidemiya əleyhinə hərəkata” qoşulmağa çağırır.
Hakimiyyət orqanları hələlik heç bir başqa tədbir tətbiq etməyə hazırlaşmırlar. Paşinyan artıq eyhamla bildirib ki, hüquq-mühafizə orqanları epidemiyaya qarşı mübarizə aparmayacaqlar, çünki bu məsələni həll edə biləcək “güc strukturu yoxdur”.
Müəllif işğalçı ölkə Baş nazirinin infeksiyanın kəskin artması barədə bu cümləsini də xatırladıb: “Biz kritik bir nöqtəyə gəldik - cəhənnəmə addımlayırıq...”.
Belə görünür ki, koronavirus məsələsində Paşinyan başını itirib. Vəziyyət o yerə gəlib çatıb ki, Ermənistan Baş naziri güc strukturlarının ona olan etimadını itirib. Belə getsə, həqiqətən də sözügedən qurumlar koronavirusla mübarizədən imtina edə bilər.
“Son vaxtlar hakimiyyət daxilində müəyyən təbəddülatlar yaşanır”
Məsələyə münasibət bildirən tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, koronavirusla bağlı Ermənistanda vəziyyət həqiqətən kritikdir: “Bir tərəfdən Paşinyanın idarəçilik təcrübəsi yoxdur, o birisi tərəfdən o, populist və ambisioz xüsusiyyətə malikdir. Bu da dövləti idarə etməkdə çətinlik yaradır. Küçə hərəkatı dalğasında hakimiyyətə gələn Paşinyan elə bilirdi ki, hakimiyyəti idarə etmək populist çıxışlar etmək qədər asandır. Ancaq ötən iki il göstərdi ki, bu belə deyil. Son vaxtlar hakimiyyət daxilində müəyyən təbəddülatlar yaşanır. Bu da onu çox narahat edir. Əvvəl Paşinyan koronavirusa görə əsasən erməni cəmiyyətini ittiham edirdi. Deyirdi ki, qaydalara əməl etmirlər. İndi buna görə həm də güc strukturlarını günahlandırır. Baş Qərargah rəisi Davtyanın koronavirus şəraitində oğluna toy etməsi və buna görə məlum istefalar Paşinyanda xof yaradıb. O hesab edir ki, bu, çox pis presedent yaratmaqla yanaşı, həm də bu məsələdə güc strukturlarının fəaliyyəti ilə bağlı şübhə yaradır. Paşinyan qorxur ki, güc strukturları pandemiya üzündən onu devirə bilər. O üzdən, Paşinyan ona sadiq olan şəbəkə qurmaq istəyir”.
Vidadi ORDAHALLI