Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən üçüncü magistral yolun tikintisi ilə bağlı açıqlama yayıb. Açıqlamada yolun çəkilməsinin məqsədləri əks olunub.
Qeyd olunub ki, Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində həyata keçirilən qanunsuz fəaliyyətin bir hissəsidir: “Ermənistanın bu addımı təcavüzkar ölkənin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalını möhkəmləndirmək məqsədi güdərək, həmçinin, bu ərazilərdə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsi, qanunsuz məskunlaşdırmanın davam etdirilməsi, təbii sərvətlərin talan edilməsi, istismarı və daşınmasının həyata keçirilməsinə xidmət edə bilər.
Xarici İşlər Nazirliyinin hələ 2016-cı ildə hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı, eləcə də 2019-cu ildə Azərbaycan XİN və “Azərkosmos” ASC tərəfindən hazırlanmış və Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz fəaliyyətin peykdən çəkilmiş təsvirlərini əks etdirən hesabatlarda işğalçı ölkənin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti təsdiq edən kifayət qədər dəlillər göstərilib. Bu dəlillər Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınmasının həyata keçirildiyini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də təbii sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistanın nəqliyyat məntəqəsi rolunu oynadığını üzə çıxarır. Beləliklə də Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə üçüncü magistral yolu çəkməsinin başlıca səbəbi işğalçı ölkənin məhz qeyri-qanuni fəaliyyətini davam etdirərək işğalı möhkəmləndirmək və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirmək niyyətini aşkar şəkildə göstərir”.
Xarici İşlər Nazirliyi məlum açıqlaması ilə, faktiki, Ermənistanın əsl məqsədini ifşa etdi.
“...ciddi şəkildə qarşıdurmanı tətikləyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, nazirliyin məlum açıqlaması kifayət qədər tutarlı şəkildə işğalçı ölkənin niyyətini ifşa edib: “Ermənistanın Qarabağa üçüncü yol çəkməsi əsasən bu ölkənin danışıqlarda hər hansı bir kompromisə getməyəcəyi mənasını verir. İşğalçı ölkə o qədər arxayınlaşıb ki, işğal olunmuş ərazilərdə, ilkin mərhələdə boşaldılacaq rayonlarda məskunlaşma siyasəti aparır. Avropa Parlamentinin məhz bu xüsusda Ermənistana qarşı sərt təpkisi və Azərbaycan XİN-in sərt bəyanatı göstərir ki, Ermənistan işğalçı siyasətində ciddi dəyişikliklər etmir. Reallıq ondan ibarətdir ki, Ermənistan manipulyasiya siyasəti aparır. Hesab edirəm ki, Ermənistan demoqrafik quruluşu işğal olunmuş ərazilərdə dəyişməklə ciddi şəkildə qarşıdurmanı tətikləyir. Bu gedişlə Azərbaycan preventiv addımlar atmalı, Ermənistanın bu işğal və demoqrafik siyasətinin qarşısını almalıdır. Hazırkı proses çox təhlükəlidir. Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesinin qarşısını alsın və öz layihələrini Qarabağda reallaşdırsın. Təəssüf ki, biz çox vaxt bunun şahidi oluruq. Azərbaycanın səbri tükənməz deyil. Yeni aprel döyüşlərinin təkrarlanmasına ehtiyac var”.
Vidadi ORDAHALLI