Azərbaycan Müdafiə Nazirliyi ermənilərin işğal altında olan Azərbaycan ərazilərindən Ermənistana çəkmək istədikləri üçüncü yolla bağlı bəyanat yayıb. Həmin bəyanatda deyilir:
"Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.
Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir".
Qeyd edək ki, ermənilərin bu bədxah niyyətləri ilə bağlı ilk məlumatı Azərbaycan mediasına məhz “Bakı-Xəbər” qəzeti verib. Həmin məlumatda qeyd edilirdi ki, ermənilər bu yol vasitəsilə həm də talan olunmuş təbii sərvətləri Ermənistana daşımaq məqsədi güdürlər. Bu baxımdan da, Müdafiə Nazirliyinin ictimailəşdirdiyimiz bu mövzuya verdiyi impulsiv reaksiyanı təqdirəlayiq hal kimi qiymətləndiririk. Göründüyü kimi, ermənilərin çəkmək istədiyi yeni yolun ordumuz tərəfindən nəzarətə götürüldüyü bildirilir. Ordumuzun bu imkanları necə dəyərləndirilə bilər?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu Ermənistanın Azərbaycana qarşı təxribatlarının davamı saymaq olar:“Şuşadakı “inauqurasiya təxribatı”ndan sonra rəsmi İrəvan indi də Azərbaycanın işğal olunmuş əraziləri üzərindən Dağlıq Qarabağa yol çəkir. Yeni yol işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Ermənistanın bu addımı, faktiki olaraq, atəşkəs rejimini və sülh danışıqlarını pozmaq cəhdidir. Ermənistanın atəşkəs sazişi və sülh danışıqları prosesində işğal olunmuş ərazilərdə, döyüş xəttində infrastruktur layihələri, yaşayış məskənləri inşa etməsi, süni məskunlaşma aparması beynəlxalq qanunvericiliyə əsasən qadağandır. Bununla bağlı BMT-nin bir sıra qətnamə və qərarları mövcuddur. Digər tərəfdən, Ermənistanın bu addımı, hətta Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə daxil olmayan Azərbaycan rayonlarından keçən yol inşa etməsi danışıqlar prosesinə inanmadığını və yaxın illərdə bu əraziləri boşaltmaq fikrində olmadığını göstərir. Başqa sözlə, Ermənistan öz davranışları ilə danışıqları sadəcə imitasiya etdiyini, müxtəlif vasitələrlə prosesi ləngitməyə çalışdığını sübut edir. Artıq Avropa Parlamenti bununla bağlı bəyanat qəbul edib. Bəyanatda qeyd olunur ki, magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan verilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Bu baxımdan da Azərbaycan ordusunun imkanları çatır ki, həmin təxribatın qarşısını alsın. Müdafiə Nazirliyi də öz bəyanatında buna qadir olduğunu bəyan edir. Beynəlxalq hüquq da bu haqqı bizə tanıyırsa, niyə düşmənə layiq olduğu cavabı verməyək? Azərbaycanın ərazilərində görülən bütün işlər bizim nəzarətimiz altında olmalıdır. Kimlərsə həmin yolla Azərbaycanın sərvətlərini talayıb daşımaq istəyirsə, ilk növbədə Azərbaycan Ordusunu qarşısında görməlidir”.
Məhəmmədəli QƏRİBLİ