Azərbaycanla bağlı növbəti uydurma yanaşma ortaya çıxıb. ABŞ Dövlət Departamenti beynəlxalq dini azadlıq haqqında hesabatını təqdim edib. Dövlət katibi Mayk Pompeo çərşənbə günü mətbuat konfransında məruzəni səsləndirib. O qeyd edib ki, Amerika heç bir halda ideal ölkə olmasa da, biz həmişə ən yaxşı tərəfə doğru dəyişməyə çalışırıq.
Bu ilin məruzəsi Prezident Trampın sərəncam imzalamasından bir həftə sonra təqdim edilib. Sərəncamda ABŞ hökumətinə dini etiqad azadlığına prioritet diqqət ayırmaq tapşırılır. ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə səfiri Sem Braunbek bildirib ki, hesabata görə, bir çox ölkədə insanlar dini azadlıqdan daha çox dini təqiblə daha yaxşı tanışdırlar: “Biz bunu, ilk növbədə, kommunist ölkələrində görürük, kommunizmə dini azadlıqla yanaşı yaşamaq çətindir. Kommunistlər ateistlərdir və din azadlığına dözə bilmirlər”.
Hesabatda Azərbaycanda dinlə bağlı sui-istifadələrin olduğu iddia edilir. Qeyd edilir ki, guya Azərbaycanda hakimiyyət orqanları dini fəallara qarşı fiziki təqibləri və həbsləri davam etdirirlər. Məruzədə Azərbaycanla bağlı bildirilir ki, yerli məhkəmələr 2018-ci ilin iyulunda Gəncə şəhər merinə hücumdan sonra saxlanmış 77 nəfərdən 57-ni müxtəlif müddətə azadlıqdan məhrum ediblər. Yerli hüquq-müdafiə təşkilatları bildirirlər ki, guya hakimiyyət orqanları dini fəallara qarşı fiziki təqibləri və həbsləri davam etdirirlər.
ABŞ-ın dini etiqad azadlığı üzrə orqanı USCIRF bu yaxınlarda Azərbaycanı Dövlət Departamentinin xüsusi nəzarət siyahısına daxil etməyi tövsiyə edib. Bu da o deməkdir ki, guya Azərbaycanda dini etiqad azadlığı sistematik və görünməmiş şəkildə pozulur. Braunbek deyib ki, USCIRF-in tövsiyələri nəzərə alınacaq.
Göründüyü kimi, sözügedən hesabatda Azərbaycanla bağlı məqamlar tamamilə qərəzli və obyektivlikdən uzaq yanaşmadır.
“Hesab edirəm ki, bu cür hesabatları Azərbaycanı sevməyən dairələr sifariş edirlər”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycanda dini fəalların təqib olunmasından söhbət belə gedə bilməz: “Ona görə ki, ölkəmizdə dini mənsubiyyətinə, kimliyinə görə kimsə təqib olunmur. Azərbaycan regionun ən tolerant ölkəsidir. Bütün inanc sahibləri üçün hər cür şərait yaradılıb. Dünyəvi dövlət olan Azərbaycanda hər kəsin dini inancına, dini ayinlərin icra olunmasına hörmətlə yanaşılır. Kimsə dövlətin qanunlarını, Konstitusiya ilə müəyyən edilmiş qaydaları pozursa və buna görə cəzalandırılırsa, o zaman bunu dinlə əlaqələndirmək doğru deyil. Yaxşı olardı ki, Dövlət Departamenti rəsmiləri hesabat hazırlayanda məsələlərə obyektiv yanaşsınlar. Təəssüflər olsun ki, bütün bunlar nəzərə alınmadan Azərbaycandakı dini mühitlə bağlı belə uydurma xarakterli hesabatlar hazırlanır. Hesab edirəm ki, bu cür hesabatları Azərbaycanı sevməyən dairələr sifariş edirlər. İstisna deyil ki, sözügedən qərəzli hesabatın hazırlanmasında erməni lobbisinin də əli var. Ona görə də biz hər zaman ayıq olmalıyıq və imkan verməməliyik ki, belə hesabatlar hazırlansın”.
Vidadi ORDAHALLI