Bu günlərdə Avropa Parlamentinin Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri xanım Marina Kalyurand, Azərbaycan və Ermənistan üzrə məruzəçilər xanım Jelyana Zovko və cənab Trayan Basesku birgə bəyanatla çıxış ediblər.
Bu sənəd erməni baş nazirin Qafan–Hadrut avtomobil yolunun tikiləcəyi haqqında ictimaiyyətə açıqladığı layihənin sülhə və sabitliyə xidmət etmədiyini təsdiq edir. Bəyanatla bağlı Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev açıqlamasında bildirib ki, Ermənistan baş nazirinin riyakar əməlləri və münaqişənin həllinə yox, daha da dərinləşməsinə xidmət edən açıqlamaları avropalı siyasətçilərin də nəzərindən yayınmayıb:“Keçən ilin sonunda Paşinyan çıxışlarından birində Qafan rayonunu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarının ərazisindən keçməklə Dağlıq Qarabağ ərazisi ilə birləşdirəcək yeni avtomobil yolunun çəkiləcəyi barədə anons vermişdi. Avropa Parlamenti rəsmiləri Ermənistan hökuməti başçısının nəzərdə tutduğu layihənin təfərrüatlarını öyrəndikdən sonra anlamışlar ki, N.Paşinyanın irəli sürdüyü plan heç də Avropanın gözlədiyi kimi regional əməkdaşlığa, Şərq tərəfdaşlığı ölkələri arasında əlaqələrin yaxınlaşmasına deyil, əksinə, regionda mövcud olan münaqişənin daha da dərinləşməsinə xidmət edir.
Buna görə də AP çərçivəsində fəaliyyətləri bilavasitə Cənubi Qafqaz regionu ilə bağlı olan AP rəsmiləri – AP-nin Cənubi Qafqaz ölkələri üzrə PƏK həmsədri xanım M.Kalyurand, Azərbaycan üzrə məruzəçi xanım Jelyana Zovko və Ermənistan üzrə məruzəçi cənab Trayan Basesku birlikdə bəyanat verərək Paşinyanın növbəti təxribatına öz etirazlarını bildiriblər”.
Azərbaycanın işğal edilmiş Qubadlı və Cəbrayıl rayonlarından keçməsi nəzərdə tutulan bu yolun tikintisi üçün torpaqların sahibindən –Azərbaycandan icazə alınmaması beynəlxalq qanunlara ziddir. Belə bir layihənin həyata keçirilməsi Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin işğalını daha da möhkəmləndirə bilər. Bununla Avroparlamentin Ermənistanın işğal olunmuş torpaqlarında “nəqliyyat dəhlizi” siyasətini birmənalı ifşa etdiyi qənaətinə gəlmək olarmı?
AMİP Siyasi Şurasının üzvü, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsində Azərbaycanın atdığı addımlar bu gün öz effektiv nəticələrini verməkdədir:“Bu hal Avropa İttifaqı timsalında özünü yenidən qabarıq şəkildə büruzə verdi. Avropa bir daha açıq mətnlə Ermənistanın işğalçı olduğunu bildirərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdi.
Bütün bunlara əsas səbəb isə zəbt edilmiş ərazilərdə Ermənistanın daha bir yol çəkmək niyyətidir. Məsələ burasındadır ki, Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü avtomagistralın çəkilişinə hazırlıq gedir. Bununla bağlı məsələ hələ ötən il gündəmə gətirilib. Bəyanatın əsas məqsədi Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının beynəlxalq hüquqa zidd olmasını bildirmək idi. Avropa Parlamenti qeyd edib ki, bu magistral yolun inşası Azərbaycanın səlahiyyətli orqanının razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa ziddir. Bu addım Ermənistanın işğalçı siyasətini bir daha təsdiqləyir. Eyni zamanda, Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Yekun olaraq, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir. Bu bəyanatın Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanması çox vacibdir. Bu onu göstərir ki, Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin ciddi mövqeyi var. Bu sənəd Azərbaycan diplomatiyasının növbəti ciddi uğuru, Ermənistanın isə diplomatik cəbhədə daha bir məğlubiyyəti və iflası oldu”.
Məhəmmədəli QƏRİBLİ