Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə yeni yol çəkmək niyyəti düşmən ölkə üçün indidən ciddi fiasko ilə nəticələnib. Əvvəla, beynəlxalq miqyasda buna sərt reaksiya verilib və Ermənistan növbəti dəfə işğalçı ölkə qismində təsbit edilib.
Artıq məlumdur ki, Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda bu qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun beynəlxalq hüququ pozduğu qeyd edilir. Bəyanatda bildirilir: “Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən əsas prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq”. Bununla bərabər, sənəddə həm də magistral yol tikintisinin münaqişə prosesinə yaratdığı maneə və təhlükələr öz əksini tapıb. Bəyannamədə göstərilib ki, magistralın tikintisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı nəticələrinin möhkəmləndirilməsinə yol açaraq, etimad və sülhün yaradılmasına əlavə təhdidlər yaradır. Sənəddə qeyd edilir ki, magistral yolun tikintisi Azərbaycanın səlahiyyətli qurumlarının razılığı olmadan qərarlaşdırıldığına görə bu proses beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusudur. İlk dəfədir ki, beynəlxalq təşkilat, yəni Avropa Parlamenti səviyyəsində Ermənistandan başlanan və Azərbaycanın işğal olunmuş ərazilərinədək davam edən qanunsuz infrastruktur layihəsi bu qədər açıq və birmənalı mətnlə pislənir. Bu isə beynəlxalq hüquq baxımından da müstəsna əhəmiyyət kəsb edir.
Beləliklə, növbəti dəfə beynəlxalq miqyasda Ermənistanın işğal etdiyi torpaqları qanuniləşdirmək cəhdlərinə siyasi və hüquqi zərbə dəymiş oldu. Bunun ardınca ermənilər üçün daha bir şok məqam Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanat oldu:“Azərbaycan ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb. Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”. Bu fikirlərdən aydın görünür ki, Ermənistandan Qarabağa uzanan bütün yollar ordumuzun nəzarətindədir və istənilən vaxt o yollara zərbə endirmək üçün də Azərbaycan bütün imkanlara malikdir.
Burada onu bir daha xatırlatmaq lazım gəlir ki, hələ iki il əvvəl Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi nəzarət altına keçib. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Elə erməniləri də qorxudan budur və onlar bu səbəbdən yeni yol çəkmək eşqinə düşüblər. Amma artlq beynəlxakq qurumlardan və Azərbaycandan bu xüsusda Ermənistana sərt xəbərdarlıq edilib. Bakı bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanı işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətin bir hissəsidir. Belə hesab edilir ki, Ermənistanın bu addımı təcavüzkar ölkənin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalını möhkəmləndirmək məqsədi güdərək, həmçinin bu ərazilərdə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsi, qanunsuz məskunlaşdırmanın davam etdirilməsi, təbii sərvətlərin talan edilməsi, istismarı və daşınmasının həyata keçirilməsinə xidmət edə bilər. Artıq Azərbaycan Ermənistanın bu məkrli niyyəti barədə bütün beynəlxalq qurumları məlumatlandırır. Hesab edilir ki, Avropa Parlamenti ilə yanaşı, digər bir sıra beynəlxalq qurumların da məsələyə sərt reaksiyası tamamilə gözləniləndir. Elə bu da Ermənistan üçün beynəlxalq miqyasda yeni problemlərin yaranması deməkdir. Çünki bu durumda dünya görür ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə üçüncü magistral yolu çəkməsinin başlıca səbəbi İrəvanın qanunsuz fəaliyyətini davam etdirərək işğalı möhkəmləndirməsidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə Ermənistanın vurduğu növbəti zərbə deməkdir. Qeyd edilənlərlə bağlı Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin, maddi resurslardan qanunsuz istifadə faktlarının pislənməsi istiqamətində, Avropa Parlamenti ilə yanaşı, digər qurumlar tərəfindən yeni sənədlər qəbul ediləcəyi də istisna olunmur.
Digər tərəfdən, Ermənistanın qanunsuz əməlləri onun öz beynəlxalq öhdəliklərinə də ziddir. Elə bu fonda beynəlxalq ictimaiyyətin, ümumiyyətlə, məsələyə daha sərt reaksiya verməsi gözləniləndir. Bu mənada, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Yuxarıda qeyd olunduğu kimi, burada hərbi amil də öz spzünü deyir. Sirr deyil ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin strateji obyektlərinin məhv edilməsi üçün raket-artilleriya qurğu və sistemlərinə malikdir. Ordumuza bu fonda düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaqla bağlı müvafiq tapşırıqlar da verilib. Əldə edilən silahlar bu tapşırığı asanlıqla yerinə yetirməyə imkan verir. Bu gün də ölkəmizdə ən müasir silahlar alınır və ordumuzun ixtiyarına verilir. Ölkənin müdafiə sənayesi müasir texnologiyalar əsasında durmadan inkişaf edir. Qısa müddətdə hərbi sənayesi formalaşan Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları və hərbi texnikalar istehsal olunur. Müharibə şəraitində olan bir ölkənin müdafiə qabiliyyəti öz sənaye istehsalının hesabına gücləndirilir. Bu istehsal prosesi durmadan təkmilləşdirilir. Nəticədə düşmənin bütün obyektlərinə, o cümlədən Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə çəkiləcək yeni yola istənilən vaxt zərbə endirilə bilər. Məsələn, ordumuzun ixtiyarında olan “MSTA-S” özüyeriyən artilleriya qurğusu vasitəsilə bunu etmək elə də çətin deyil. Düşmənin artilleriya və minomyot batareyalarını, tanklarını və digər zirehli texnikasını, canlı qüvvəsini, möhkəmləndirilmiş atəş nöqtələrini və digər hədəflərini məhv etmək üçün bu, ideal silah sayılır. “Smerç” reaktiv yaylım atəşi sistemləri də burada mühüm əhəmiyyət kəsb edir. Dünyada öz sinfində ən dəhşətli və dağıdıcı silah olan “Smerç” sistemləri 300 millimetrlik raketlərlə atəş açır. Bir “Smerç” sistemi 16 raket daşıya bilir, həmin raketlər ümumilikdə 522 mindən çox qəlpə daşıyır və bu da silahın nə dərəcədə dağıdıcı gücə malik olduğunu göstərir. “Smerç” sistemləri açıq ərazilərdə, səhrada və çöllükdə tətbiq olunmaq üçün daha əlverişlidir. 90 kilometr məsafədən hədəfi dəqiq vura bilir. Belə ki, “Smerç”lər hədəfi özü axtarıb tapan raketlər, habelə tank əleyhinə raketlərlə təchiz olunub. Bir “Smerç” sistemi tam döyüş komplekləşdirməsində 72 yaylım atəşi aça bilir ki, bu da orta ölçülü şəhəri darmadağın etmək üçün kifayətdir. Öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur. “Vena” özüyeriyən artilleriya qurğuları da düşmən infrastruktunu asanlıqla məhv edə bilər. TOS-1A “Solntsepek” ağır odsaçan sistemləri də burada az əhəmiyyət kəsb etmir.
Bundan başqa məlumdur ki, Azərbaycan strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam edir. Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Pələng” reaktiv yaylım atəşi sistemlərinin burada yerləşdirilməsi də qeyd edilənlərin təsdiqidir. Xatırladaq ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Pələng” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Pələng” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Pələng” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Pələng” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir. Qeyd edək ki, Azərbaycan bundan əvvəl Türkiyədən 300-millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib. Bu silahlar Ermənistandan Qarabağa gedən bütün yolları istənilən an məhv etməyə imkan verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.