Bu gün dünyanın bir çox ölkələrində keçmiş SSRİ və Rusiya istehsalı olan hərbi texnikadan da geniş şəkildə istifadə edilir. Bura daxil olan texnikalardan biri isə Azərbaycan ordusunun da ixtiyarında olan Su-25 hüçum təyyarəsidir. Hələ sovetlər dönəmində istehsalına start verilən bu təyyarələr modernləşdirilərək geniş şəkildə istifadə edilməkdədir. Məsələn, elə bir neçə gün əvvəl Ukraynada Su-25 təyyarələri təkmilləşdirildikdən sonra ordunun sərəncamına göndərilib.
Bir müddət əvvəl modernizə edilmiş Su-25 təyyarəsi Qazaxıstanda da yenidən istismara qəbul edilib. Rusiyanın özündə bu təyyarələrin bundan sonra da azı 10 il istismarı nəzərdə tutulur. Bu təyyarələr döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib. Su-25 təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq sisteminin təhlükəsizliyinə yönəldilib. Modernizə edilmiş Su-25 döyüş təyyarəsinin güclü döyüş kompleksinə müxtəlif toplar, aviabombalar, idarəolunan və idarəolunmayan “hava-yer”, idarəolunan “hava-hava” raketləri daxildir. Ümumilikdə təyyarəyə 30 növ silah quraşdırıla bilər.
Yuxarıda qeyd olunduğu kimi, bu təyyarələrdən Azərbaycanda da istifadə olunur. Belə görünür ki, onların modernləşdirilməsi və əldə olunması bundan sonra Azərbaycana daha ucuz başa gələ bilər. Belə ki, Gürcüstan Su-25 təyyarələrinin istehsalını Azərbaycanla birgə inkişaf etdirə bilər. Bunu hərbi ekspert Vaxtanq Maisaya “Rezonansi” qəzetinə açıqlamasında təsdiq edir. Onun sözlərinə görə, hərbi təyyarələrin istehsalının bərpası məsələsində Gürcüstanın Ukrayna ilə əməkdaşlıq edəcəyi ehtimal olunur:“Ukraynada aviasiya sahəsinin möhkəm təməli var. Bu sahə Azərbaycanla birgə də inkişaf etdirilə bilər. GUAM ölkələrinin potensialından da istifadə etmək mümkündür”. Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu yaxınlarda Su-25 təyyarələrinin ölkədə istehsalı, təmiri və bərpası üçün bütün texniki, intellektual və insan resurslarının olduğunu bildirib. Nazir deyib ki, müxtəlif ölkələr bu tip təyyarələrə böyük maraq göstərir. Xatırladaq ki, SSRİ dövründə Tiflis aviazavodu fəaliyyət göstərib. Zavodda keçmiş sovet respublikalarındakı müəssisələrdən əldə edilən komplektlər əsasında aviatexnikaların yekun yığılması həyata keçirilib. Azərbaycan indiki halda bu zavodun fəaliyyətinə maliyyə dəstəyi verməklə Su-25-lərin daha ucuz alınmasını təmin edə bilər. Bu, ölkə aviasiyasının gücləndirilməsi baxımından da vacib sayılır. Xatırladaq ki, ölkəmizdə Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərinin texnika parkının yeniləşdirilməsinə xüsusi diqqət yetirilir. Ötən dövrdə hərbi aviasiyanın gücləndirilməsi rəsmi Bakının əsas prioritetlərindən biri sayıla bilər. Yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi, hərbi aerodromların yenidən qurulması, milli kadrlarla komplektləşdirilmə nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Azərbaycan pilotları uçuş saatlarına görə postsovet məkanında ilk yerdə qərarlaşmaqla yanaşı, keçmiş sovet və NATO ölkələrində istifadə edilən uçuş aparatlarını idarə etməyi bacaran yeganə kadrlar hesab olunur. Hazırda Azərbaycanın hərbi aviasiya parkına keçmiş Sovet istehsalı olan MiG-21, MiG-23, MiG-25, MiG-29, Su-17, Su-24, Su-25, Aero L-29, Aero L-39 tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməyə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiG-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur. İndi gürcü tərəfinin təklifi reallaşsa, Azərbaycan həm də hücum təyyarələrinin istehsalına start verməklə mühüm bir ilkə imza ata bilər. Eyni zamanda, ölkəmiz müasir aviasiya texnikalarının alışını da davam etdirir. Bu fonda məlumdur ki, Rusiya Azərbaycana hərbi təyyarələrin tədarükünü realizə etməyə çalışır. Söhbət Su-35 və MiQ-35 qırıcı təyyarələrindən gedir. Hər iki tip çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələrinin özəlliyi onların 4++ nəslinə aid olmasıdır. Bu nəsil təyyarələrə qədər istehsal olunan digər döyüş qırıcıları yalnız modernizə olunaraq müəyyən imkanları artırılırdı. Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici Su-35-də 4500 kilometr, MiQ-35-də isə 3500 kilometrdir. Hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir. Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan Su-35 təyyarəsi 12, MiQ-35 təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir. Su-35 və MiQ-35 qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir.
Nahid SALAYEV