Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatı qəbul edilib.
Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamenti rəsmilərinin belə bir birgə sənədi ilk dəfədir qəbul edilir. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur.
Qeyd edək ki, bu bəyanatın qəbul olunması Nikol Paşinyanın və Ermənistanın ağır məğlubiyyəti sayıla bilər. AP-nin qəbul etdiyi bu qərar Azərbaycan üçün hansı əhəmiyyətə malik ola bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Avropa Parlamenti adından qəbul edilən bu bəyanat bizim milli maraqlarımıza tam uyğundur:“Bu, sözügedən qurumun Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın xeyrinə qəbul etdiyi ilk qərar deyil. Bundan əvvəl də qurum münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə işarə edən sənəd qəbul edib. Budəfəki birgə bəyanatın özəlliyi budur ki, həmin sənədə həm də Ermənistan üzrə məruzəçi imza atıb. Azərbaycan hər zaman tərəfdaş dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının Avropa İttifaqı tərəfindən qəbul olunan sənədlərdə dəstəklənməsinin birmənalı şəkildə ifadə olunmasını tələb edib. Bütün münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll olunmasının bir prinsip olaraq qəbul edilməsi və bunun da sənədlərdə öz əksini tapması Azərbaycanın bütün beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq edərkən irəli sürdüyü ən vacib şərtdir. Birgə bəyanat həm də Avropa Parlamentinin münaqişənin həllinə olan yanaşmasını ortaya qoymuş olur. Qəbul edilmiş birgə sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur. Ermənistan qurumla “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu əməkdaşlıqda ölkələrin ərazi bütövlüyü, müstəqillik və suverenlik də daxil olmaqla, beynəlxalq hüquqa əsaslanan qaydalara riayət edilməsi ön plana çəkilir. Bunlar həm də Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” arasında əməkdaşlıqda ümumi öhdəliklər kimi qəbul olunur. Belə olan halda, Avropa İttifaqı Şurası tərəfindən qəbul edilən sənəddə ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərinin qeyd edilməsi, bu prinsiplərin həm Avropa İttifaqı, həm də “Şərq Tərəfdaşlığı” ölkələri üçün ümumi və ortaq öhdəliklər olaraq müəyyən edilməsi olduqca vacib haldır. Bununla Avropa İttifaqı bir daha Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini təsdiqləmiş olur. Biz bunu həm də Ermənistanın xarici siyasət kursunda “qazandığı” növbəti uğursuzluq kimi qəbul edə bilərik. Azərbaycan diplomatiyası bu vacib amildən məharətlə istifadə etməlidir. Belə qərarların dərhal icra mexanizmi olmasa da, diplomatik münasibətlər sistemində münaqişə tərəfləri üçün ciddi əhəmiyyət daşıyır”.
Məhəmmədəli QƏRİBLİ