Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.
Birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Ən başlıcası, işğal olunmuş ərazilərdə infrastruktur işlərinin aparılması pislənir: “Keçən il yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Prinsip etibarilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir”.
Göründüyü kimi, məlum bəyanatda Ermənistanın Qarabağdakı qanunsuz məskunlaşma siyasəti, infrastrukturun görüntüsünün dəyişdirilməsi və digər qanunsuz fəaliyyətlə işğalın nəticələrinin qanuniləşdirilməsi səyləri ifşa edilib.
“Sözügedən hadisə müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyev olan diplomatiyamızın növbəti böyük qələbəsidir”
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu bəyanatın özəlliyi ondan ibarətdir ki, onu Avropa Parlamentinin Azərbaycan, Ermənistan və AP-nin Azərbaycan, Gürcüstan üzrə məruzəçiləri və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri birgə imzalayıblar: “Bu bəyanatın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, AP-nin 3 təmsilçisi buna imza atıb və Ermənistanın separatçı rejimə magistral yol çəkməsini pisləyirlər. Qarabağda infrastruktur işlərinin aparılmasını qanunsuz hesab edirlər. Hesab edirlər ki, bu addım Azərbaycanla razılaşdırılmadan atılan qanunsuz addımdır. Eyni zamanda, beynəlxalq hüquqa daban-dabana zidd bir addımdır. Bu çox önəmli məsələdir. Eyni zamanda, çox aydın şəkildə deyilir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ümumilikdə, hesab edirəm ki, bu hadisə müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyev olan diplomatiyamızın növbəti böyük qələbəsidir. Bununla belə, münaqişənin həllində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə böyük zərbədir. Avropa Parlamenti çox nüfuzlu bir qurumdur. Bu, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqelərini möhkəmləndirəcək bir addımdır”.
Vidadi ORDAHALLI