Ermənistanda koronavirusla mübarizə sahəsində heç bir iş görülmədiyi və Paşinyan hakimiyyətinin xalqı, eləcə də beynəlxalq aləmi aldatdığı, bu ölkəyə ayrılan yardımların mənimsənildiyi haqqında dəfələrlə danışmışıq.
Artıq Ermənistan rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində koronavirus infeksiyasının bu ölkədə ucu-bucağı görünməyən bir cəhənnəm yaratığı Rusiya mətbuatında da əsas mövzulardan birinə çevrilib.
Rusiyanın "Lenta.ru” saytı yazır ki, ölkədə xəstəlik pik həddə keçib, ağır şəkildə olan xəstələrin sayı fantastik həddə yüksəlir, səhiyyə sisteminin resursları isə bunun müqabilində tükənmək üzrədir. "Hakimiyyət isə bütün bunların fonunda küçələrdə maska taxmayan vətəndaşları sosial şəbəkələrdə utandırmaqla məşğuldur. Vətəndaşlar da utanc hissi keçirməyə tələsmir, axı epidemiyanın lap əvvəlindən heç kim epidemioloji təhlükəsizlik qaydalarına əməl etmirdi”, - deyə materialda bildirilir.
Baş nazir ötən həftəsonu koronavirusa yoluxduğunu, ardınca ölkədə epidemioloji fəlakət olduğunu bildirib. Ölkədə vəziyyət həqiqətən də pisləşib: bütün dünya məhdudiyyətləri aradan götürdüyü və xəstə sayı azalmağa doğru getdiyi halda, Ermənistanda xəstə sayı durmadan artır. Mayın 20-də ölkədə 5600 xəstə olduğu halda, bu gün xəstə sayı 15 minə yaxınlaşıb. Ölüm halı 160-dan 230-a çatıb. İsterik vəziyyətdə olan Baş nazir ölkədə xəstə sayının 100 min olduğunu bildirsə də, sonradan sözlərində bir qədər redaktə aparmağa məcbur olub.
Yaranmış durumda isə hakimiyyət vətəndaşları ittiham edir - Paşinyan bildirib ki, xalq kütləvi şəkildə təhlükəsizlik tədbirlərinə əməl etmir. Qaydaları pozanlara qarşı isə "Facebook” vasitəsilə mübarizə aparır, mütəmadi olaraq küçələrdə maskasız gəzən, sosial məsafə gözləməyən insanların fotolarını dərc edir. O, digər sosial istifadəçiləri bu əks-epidemioloji hərəkata qoşulmağa çağırıb. Hakimiyyət isə hər hansı bir tədbir görməyə tələsmir. Baş nazir artıq bildirib ki, hüquq-mühafizə orqanları epidemiya ilə mübarizəyə qoşulmayacaq. Çünki bu məsələni həll etməyə qadir güc strukturu yoxdur. "Biz kritik nöqtəyə çatdıq, cəhənnəmə doğru addmlayırıq”, - deyə Baş nazir xəstə sayının kəskin atması qarşılığında bəyan edib. Doğrudan da, Baş nazirin təqdim etdiyi fotolarda insanların epidemiya dövründə adi elementar qaydalara əməl etmədən kütləvi şəkildə bir yerə toplaşdığını görmək mümkündür. Əlcək və maskalar yoxdur, olsa da onu çənədən aşağı salınmış vəziyyətdə taxırlar. Sanki ölkədə xəstə sayı pik həddə deyil.
Rusiya nəşri yazır ki, ölkədə fövqəladə vəziyyət rejimində həyat bir an olsun belə dayanmayıb, faktiki olaraq, İsveç ssenarisi ilə hərəkət edilib. Lakin Skandinaviya düşüncəsi ilə deyil, ermənilər daha çox soydaşlarının xəstələnməsi üçün hər şeyi etdilər. Məsələ ondadır ki, əhalinin böyük bir qismi virusa qeyri-ciddi yanaşır və bunun minimum iki səbəbi var. Birincisi, bir dalğadır, keçib gedəcək və qonşunun həyatına biganə yanaşmaq. İkincisi, populyar konspiroloji nəzəriyyə - koronavirus təhlükəsinin olmaması. Bəziləri isə hesab edir ki, bu virus adi soyuqdəymədir. Daha təhsilli vətəndaşlar isə əmindirlər ki, virusu Bill Geyts və yaxud "dünya qəsdçiləri” fikirləşib tapıblar.
"Lenta.ru” yazır ki, koronavirusla bağlı dezinformasiya xəbərlərini tibb işçiləri də yayırlar. Məsələn, İrəvan Ağsaqqallar Şurasının keçmiş üzvü, ixtisasca həkim Marine Xaçatryan bildirir ki, koronavirus bioloji silahdır. Ölkə əhalisinin təhsil səviyyəsinin də aşağı səviyyədə olduğu xüsusi vurğulanır – burada virusu bakteriyadan seçə bilmirlər. Əksər hallarda nəticə birdir – xəstələr xalq təbabəti ilə hərəkət edərək, məsələn, daha çox antibiotik qəbul etməyə çalışır. Antibiotiklərin artıq bir neçə ildir Ermənistanda sərbəst şəkildə satışı qadağan edilsə də, reallıqda bu qadağa qüvvədə deyil. Virusun sürətlə yayılmasında Baş nazirin də rolunun olduğu vurğulanır. Ölkənin ən populyar blogeri açıq efirdə epidemiya ilə məzələnərək bildirmişdi ki, bu koronavirus, ümumiyyətlə, itdir.
Məqalə müəllifi xüsusi vurğulayır ki, Baş nazir öz fəaliyyəti ilə vətəndaşlara pis nümunə olub. Məsələn, müsahibələrinin birində bildirib ki, koronavirusun öhdəsindən bir peyvəndlə qurtulmaq olar. Eləcə də işğal altında olan Azərbaycan torpaqlarında keçirilən "inauqurasiya” mərasimində iştirak edib. Təəccüblü deyil ki, Ermənistanda martda elan edilən ikihəftəlik sərt karantin qaydaları heç bir xeyir gətirmədi, amma iqtisadiyyata ciddi zərbə vurmuş oldu. Karantin rejimini pozanlara qarşı sanksiyalar tətbiq edilməyib, pozuntuların miqyası o qədər olub ki, polis hər məsuliyyətsiz vətəndaşı saxlasaydı, onda ölkənin yarısını həbs etmək gərək olardı. Paşinyanın milli fəlakət haqqında alarmistik (təşviş, həyəcan yaradan) bəyanatlarından sonra polis tam fəaliyyətsizlikdən aktiv fəaliyyətə keçdi. İndi insanları küçədə saxlayır, əllərini bağlayır və zorakı hallara yol verirlər. Rusiya nəşri yazır ki, təəssüf ki, onlar özlərinin amerikalı həmkarlarının acı təcrübəsini nəzərə almırlar. Sadə amerikalılar kimi, ermənilər də polis özbaşınalığından zara gəliblər.
Nəşr sonda bildirir ki, məhdudiyyətlər tətbiq edildikdən sonra ölkədə sosial və iqtisadi vəziyyətdən narazı olan insanların lokal etirazları start götürdü. Onsuz da ağır və kövrək vəziyyətdə olan erməni iqtisadiyyatı ikinci lokdaunu qarşılaya biləcəkmi – bu suala cavab vermək çox çətindir. Hakimiyyət xalqı, xalq da hakimiyyəti ittiham edir. Lakin bu da mövcud durumu dəyişmir. Hər iki tərəf günahkardır və hər iki tərəf də öz səhvlərini heç olmasa etiraf etməyə belə tələsmir. Bütün bunların fonunda isə gün ərzində koronavirus testlərinin 30-40 faizi pozitiv çıxır. Bu rəqəmlər həm yoluxanların ağlasığmaz dərəcədə çox olmasından və daha çox səhiyyə sisteminin iflasındən xəbər verir.
“Bu həm də Azərbaycanın bir daha haqlı olduğunu sübut edir”
“Novoe vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya mətbuatının Ermənistandakı koronavirus “cəhənnəmi” haqqında yazdığı yazı bu ölkənin rəhbərliyinin yarıtmaz fəaliyyətinin ifşa edilməsində mühüm rol oynayacaq. Ş.Ağayev vurğuladı ki, Ermənistanda baş verənlərin Rusiya mətbuatında yer almasının əhəmiyyəti böyükdür. Bunun həm də indiyə qədər Azərbaycan mətbuatında Ermənistanda koronavirusla mübarizə məsələsində heç bir iş görülmədiyi ilə bağlı yazılanların təsdiqi olduğunu deyən Ş.Ağayev hesab edir ki, artıq Ermənistanın iç üzü açılıb. “Paşinyan özünün və ailə üzvlərinin də koronavirusa yoluxması ilə bağlı 3-4 günlük bir oyun oynamaq istədi, amma alınmadı. Bununla da o, ölkəsində karonavirus pandemiyasının geniş yayılması ilə bağlı yaranan biabırçı vəziyyəti gizlətmək niyyəti güdürdü. Ümumiyyətlə, Paşinyan Baş nazir kimi hakimiyyətə gələndə xalqa çoxlu vəd vermişdi, amma o, bunların heç birini yerinə yetirə bilmir, yetirə də bilməz. Yəni nə qədər ki, Paşinyan sələflərinin siyasətini həyata keçirir və Azərbaycan torpaqlarını işğalda saxlayır, öz işğalçılıq siyasətindən əl çəkmir, bu ölkədə kifayət qədər problem olacaq.
Rusiya mətbuatının Ermənistandakı koronavirusla bağlı problemləri işıqlandırması, bu ölkənin rəhbərliyinin aciz durumda olmasını qeyd etməsi sevindirici haldır. Rusiya mətbuatı Ermənistandakı koronavirus “cəhənnəmi” haqqında yazıbsa və bunu beynəlxalq ictimaiyyətə çatdırıbsa, bu, müsbət haldır. Bilirsiniz ki, Azərbaycan mətbuatı ardıcıl olaraq Ermənistandakı vəziyyətlə bağlı yazır, məlumat verir. Lakin bizim düzgün yazmağımıza baxmayaraq, dünya dövlətləri elə düşünə bilərdilər ki, Ermənistanla Azərbaycan arasında konflikt olduğu üçün biz qərəzlə yanaşırıq. Amma dünyanın böyük dövləti olan Rusiyanın mətbuat orqanının Ermənistandakı vəziyyəti yazması beynəlxalq aləmdə daha böyük əks-səda yaradacaq. Rusiya mətbuatının Ermənistanla bağlı yazdıqları həm də onu bir daha sübut etdi ki, Azərbaycan mediasının Ermənistanda koronavirusun dəhşətli mənzərə yaratdığı barədə yazdıqları qərəz deyil, həqiqətdir. Ermənilər əvvəllər xaricdəki erməni diasporunun dəstəyilə dünya dövlətlərindən yardım alıb yaşayırdılar. İndi isə dünyanın ən güclü dövlətlərinin belə, iqtisadiyyatı çöküb, böhran yaradıb. Bu da, təbii ki, bu günə qədər Ermənistanda olan, lakin ört-basdır edilən problemlərin çılpaqlığı ilə üzə çıxmasına gətirib çıxarıb. Ermənistanda koronavirusla bağlı problemlərin yaratdığı dəhşətlərin, təhlükələrin Rusiya mətbuatı tərəfindən qeyd edilməsi təqdirəlayiq haldır.
Rusiya mətbuatının yazdığı yazıların bütün dünyada effekti daha güclü olur və bu yazılar da Ermənistanda vəziyyətin dəhşətli olduğunu çılpaqlığı ilə göstərir. Bu həm də Azərbaycanın bir daha haqlı olduğunu sübut edir” - deyə Ş.Ağayev vurğuladı.
İradə SARIYEVA