Ermənistanda koronavirus pandemiyası nəticəsində daha da ağırlaşan sosial-iqtisadi vəziyyət hakim qüvvəyə qarşı ictimai narazılığı gücləndirib. Bu arada Baş nazir Nikol Paşinyanın köhnə və yeni rəqibləri xeyli fəallaşıblar. Ermənistan Baş nazirinə qarşı ittihamlar artmaqdadır.
“Qraparak” qəzetinin yazdığına görə, biznesmen- siyasətçi Qagik Çarukyanın məlum çıxışından sonra hökumətlə “Çiçəklənən Ermənistan” partiyası arasında gərginlik getdikcə artır. Çarukyanın açıqlaması “Mənim addımım” blokunun nümayəndələrini mənəvi sarsıntıya uğradıb. Qəzetin yazdığına görə, Paşinyan Çarukyanla son telefon danışığında ona qarşı hər hansı addım atanları məhv edəcəyini söyləyib. Lakin bu da müxalifətdə olan partiyanın nümayəndələrini ona qarşı hücumlardan çəkindirməyib. “Çiçəklənən Ermənistan” fraksiyasının digər üzvü Artyom Çarukyanın iddiası isə ölkəni əməlli-başlı qarışdırıb. O deyib ki, Paşinyan bir korrupsiya sövdələşməsi ilə cangüdənlərindən birinin bacısının adına Kanadada 3 milyon dollara ev alıb. Bundan sonra hakim “Mənim addımım” blokunun nümayəndələri ilə onların arasında mübahisələr daha da qızışıb. Vəziyyət o həddə çatıb ki, hökumət təmsilçiləri A.Çarukyanın iddialarının doğruluğunun yoxlanması tələbi ilə Baş Prokurorluğa müraciət ediblər.
Maraqlıdır ki, rusiyalı siyasi analitik Vitali Arkoiv də Kanada məsələsinə toxunub. Onun fikrincə, Ermənistanda özünü göstərən siyasi və iqtisadi böhran meylləri Paşinyanın xaricə qaçışı ilə nəticələnəcək. Onun hesablamalarına görə, Paşinyan-Akopyan ər-arvad cütlüyü və onların uşaqları üçün yeni vətən məhz Kanada ola bilər. Ekspert bunu onunla əsaslandırır ki, “çirkli pulları yumaq” üzrə mütəxəssis olan Anna Akopyan artıq bir neçə dəfə bu ölkədə olub və müvafiq “yuma sxemləri”ni sınaqdan çıxarıb. Söhbət həbsə atılmamaq qarşılığında köhnə məmurlardan alınan vəsaitlərdən və deputat olmaq istəyən oliqarxlardan qoparılan, habelə gəlirli sazişlərə çıxışa görə alınan pullardan gedir.
“O, uzun müddət hakimiyyəti idarə edə biləcəyinə əmin olmadığı üçün xaricdə indidən mənzil alır”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Paşinyan ətrafında dairə daralır: “Müşahidələr göstərir ki, koronavirus epidemiyasının Ermənistanda genişlənməsi, sosial-iqtisadi vəziyyətin ağırlaşması fonunda Paşinyana yönəlik tənqidlər artır. Hətta bir vaxtlar ona xüsusi yaxınlığı olan Qagik Çarukyanın indi açıq müstəvidə Paşinyanın üzərinə getməsi vəziyyətin ciddi olmasından xəbər verir. Görünən odur ki, hər keçən gün Paşinyanın ətrafında həlqə daralır. Bir tərəfdən ard-arda Paşinyanın qanunsuz ticarət fəaliyyəti ifşa edilir. Məlum olur ki, onun himayəsi ilə müəyyən şəxslər qanunsuz silah, brilyant, siqaret alveri ilə məşğuldurlar. Bununla bağlı mətbuatda yeni-yeni məlumatlar dərc olunur. Bütün bunlar, heç şübhəsiz ki, Ermənistan hakimiyyətini böhrana yuvarlaya bilər. Çox güman ki, Paşinyan Kanadaya qaçacaq. O, uzun müddət hakimiyyəti idarə edə biləcəyinə əmin olmadığı üçün xaricdə indidən mənzil alır. Yaxşı bilir ki, devriləndən sonra Ermənistanda yaşaya bilməyəcək”.
Vidadi ORDAHALLI