Paşinyan niyə bu qədər tez – koronavirusa yoluxduğunu elan etdikdən bir həftə sonra sağaldı və o dəqiqə ciddi ölkədaxili siyasi manevrlərə başladı? Ermənistanın “Fakt” qəzeti bu suallara cavab tapmağa çalışıb.
Qəzet yazır ki, son aylarda Paşinyanın reytinqi sürətlə azalmaqdadır. Səbəb hakimiyyətin koronavirusla əlaqəli vəziyyətə nəzarət edə bilməməsidir. Bu fonda, Paşinyanın bütün hökumətlə birgə istefa tələbləri səslənməyə başladı. Buna görə Paşinyanın niyə bu qədər tez sağalması aydınlaşır: “Ancaq o, belə bir vəziyyətdə Baş nazirin haqlı və günahkar axtarmayacağını, sadəcə, cəmiyyətlə birləşmə və birgə fəaliyyət təklifi ilə müraciət edəcəyini irəli sürən insanların ümidlərini puça çıxardı. Lakin Paşinyan yalnız özünə sadiq qaldı və dərhal günahkar tapdı, üstəlik, hətta adlarını da dilə gətirdi. Onun sözlərinə görə, virus infeksiyasının yayılmasında maraqlı olan müxalifətin adını çəkməməsi qəribə olardı. Daha yalan və süni bir yanaşmanı təsəvvür etmək çətindir, ancaq Paşinyanın vəziyyətində bu cür şeylərə təəccüblənmək onsuz da çətindir”.
Bununla yanaşı, qəzet güc strukturlarında yeni təyin edilən şəxslərlə bağlı maraqlı faktları sadalayıb: “Baş Qərargahın yeni rəhbəri Onik Qasparyan qonşu dövlətlərlə vəziyyətin genişmiqyaslı hərbi əməliyyatlara qədər gərginləşməsinə səbəb olacaq “şahin”dir. Polisin yeni rəhbəri Vaqe Kazaryan Cemrukdakı iğtişaşların son dərəcə qəddarlıqla yatırılmasında iştirak etdi və öz xalqına qarşı silahdan istifadə edə bilir. DTX-nin yeni rəhbəri Argişti Kyaramyan siqaret, brilyant və silah qaçaqmalçılığı ilə bağlı yaşanan qalmaqal fonunda, Paşinyan üçün xüsusilə zəruri olan qaçaqmalçılığı ört-basdır etmək üçün əldə edilən gəlirləri və əməliyyatları gizlətməkdə böyük təcrübəyə malikdir”.
Göründüyü kimi, Paşinyanın və ailəsinin virusa yoluxması şübhə ilə qarşılanmaqla yanaşı, onun təyin etdiyi yeni kadrlarla bağlı qaranlıq məqamlar ortaya çıxır.
“Bu səbəbdən istəyir ki, Rusiyaya loyal və ona sadiq olan şəxsləri həmin qurumların başına gətirsin, amma...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun fikrincə, Paşinyan güc strukturlarında ona sadiq komanda formalaşdıra bilmir: “Ona görə də güc stukturlarına o qədər də etibar etmir. Məsələnin kökündə dayanan faktor ondan ibarətdir ki, Ermənistan güc strukturlarında Rusiyanın təsir imkanları kifayət qədər böyükdür. O üzdən, Paşinyanın yaxın perspektivdə bundan xilas olması real görünmür. Bu da təsadüfi deyil. Çünki Ermənistan forpost ölkədir. Orada Rusiya hərbi bazaları var və ümumiyyətlə, güc strukturlarında Kremlin təsir imkanları böyükdür. Paşinyan da bütün bunların fərqindədir və zaman-zaman sözügedən məsələ onu narahat edir. 2018-ci ildə Ermənistanda “məxməri inqilab”dan sonra Paşinyan öz komandasını formalaşdırdı. Ancaq bir ildən sonra DTX sədri Artur Vanetsyan istefa verdi. Bununla belə, Paşinyana qarşı müxalifətə keçdi və indi onun ən sərt tənqidçilərindən biridir. Onun yerinə gələn Martirosyana da Paşinyan etibar etmirdi. Baş Qərargah rəisi Artak Davtyanla Paşinyan arasında ziddiyyətlərin olması barədə zaman-zaman erməni mediasında yazılar gedirdi. Davtyanın Rusiya hərbi dairələri ilə xüsusi yaxınlığı var. O üzdən, hansısa bəhanə ilə onun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilən idi. Paşinyan qorxur ki, güc strukturları onu hər an devirə bilər. Bu səbəbdən istəyir ki, Rusiyaya loyal və ona sadiq olan şəxsləri həmin qurumların başına gətirsin. Ancaq hələ ki, bu, onda alınmır. Çünki Ermənistanda belə kadrlar yox səviyyəsindədir. Onun son təyinatları göstərdi ki, yenilərinin qaranlıq keçmişi var. Məlum olur ki, sözügedən şəxslər Paşinyanın qanunsuz əməllərinə bu və ya digər dərəcədə ortaq olublar. Bu isə o qənaətə gəlməyə əsas verir ki, həmin şəxslər də kreslolarında uzun müddət otura bilməyəcəklər”.
Vidadi ORDAHALLI