Ermənistan hökuməti "Metsamor" Atom Elektrik Stansiyasının (AES) təmiri və modernləşdirilməsini öz hesabına başa çatdırmaq qərarına gəlib. Ermənistan mətbuatının verdiyi məlumata görə, parlamentdə keçirilən dinləmələr zamanı Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan son bir il ərzində atom elektrik stansiyasının təmiri üçün verilən kreditin qaytarılma vaxtının Rusiya ilə müzakirə olunduğunu açıqlayıb.
Suren Papikyan bildirib ki, “Metsamor" AES-də işlərin başa çatmadığını əsas gətirərək Rusiyadan kreditin qaytarılma vaxtının uzadılmasını istəyiblər.
Erməni nazir deyib ki, Rusiya ilə razılığa gələ bilmədik və nəticədə kreditdən imtina etdik:“Qalan işləri Ermənistan hökuməti öz vəsaiti hesabına maliyyələşdirəcək. Rusiyadan aldığımız kreditdən imtina etsək, modernləşdirilmə işlərini yenə də Rusiyanın “Rosatom Servis” şirkəti həyata keçirəcək”.
Məlumat üçün bildirək ki, Ermənistan və Rusiya hökumətləri arasında “Metsamor” AES-in ömrünün 2026-cı ilə qədər uzadılmasına dair 2014-cü ildə saziş imzalanıb. 2015-ci ildə Rusiya tərəfindən Ermənistanın 270 milyon dollar məbləğində dövlət krediti və 30 milyon dollar qrant verilməsi barədə müqavilə imzalanıb. Bu müqavilə 2019-cu il dekabrın 31-də başa çatıb. Artıq stansiyanın təmirinə 200 milyon dollardan çox vəsait xərclənib. Görünən budur ki, Rusiya Ermənistana krediti vermədiyi üçün İrəvan bu addımı atmağa məcbur olub. Rusiya bundan əvvəl Ermənistana satdığı təbii qazın qiymətində də heç bir güzəşt etmədi. Bu iki hadisə Rusiya ilə Ermənistanın münasibətlərindəki qərin çatdan xəbər verirmi?
İqtisadçı ekspert Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan rəsmi dairələri informasiyanı yalnış verməklə, diqqəti məsələnin əsl mahiyyətindən yayındırmağa çalışır:“Əslində, kreditdən onlar imtina etməyib. Sadəcə, Rusiya uzun müddət onların istəyinə cavab verməyib. Bunun adı imtinadır. Bunun başlıca səbəbi Paşinyan faktoru ilə bağlıdır. Ermənistan indiyə qədər Rusiyanın yardımı ilə dolanıb. Bunun da müqabilində Rusiya üçün poliqon rolunu oynayıb. Paşinyan hakimiyyətə gələndən sonra həmin iqtisadi dividendlərdən yararlanmaq istəyir, ancaq həm də bunu Rusiyanın sözünə qulaq asmamaqla etməyə çalışır. Bu səbəbdən də Rusiya ona iqtisadi təzyiq rıçaqları ilə belə cavab verir.
Ermənistan hökumətinin “Metsamor” atom elektrik stansiyasının modernləşdirilməsi üçün nəzərdə tutulan 270 milyon dollar məbləğində Rusiyanın dövlət kreditindən güya imtina etməsi bu strateji obyektin bütün bölgə üçün böyük təhlükə daşıdığını bir daha təsdiq edir. Dərin iqtisadi böhran keçirən Ermənistanın rəsmi dairələrinin atom stansiyasının modernləşdirilməsini ölkə büdcəsi hesabına həyata keçirmək niyyətində olduğunu bildirməsi bu təhlükənin sovuşdurulmasına heç də xidmət etmir. “Metsamor” stansiyasının, hətta modernləşdirildiyi təqdirdə ekoloji risqlər yaratması barədə nüfuzlu beynəlxalq mərkəzlərin çoxsaylı xəbərdarlıqlarını nəzərə alsaq, bu obyektin tezliklə dayandırılması istiqamətində bütün maraqlı ölkələrin səylərinin artırılması zərurəti üzə çıxır. Ermənistan hökumətinin AES-in modernləşdirilməsi ilə bağlı Rusiyanın dövlət kreditindən “imtina” etməsi, həmçinin, iki dövlət arasında ziddiyyətlərin artırılmasının növbəti təzahürüdür. Moskvanın "məxməri inqilabçı" erməni hakimiyyəti ilə dil tapmaqda çətinlik çəkməsi artıq heç bir şübhə doğurmur. Artıq vəziyyət o həddə çatıb ki, Ermənistan radiasiya mənbəyi olan həmin AES-lə dünyanın şantaj edir. Bu məsələnin indiki zamanda aktuallaşması həm də Ermənistanın düşdüyü çətin iqtisadi vəziyyətlə bağlıdır. Belə üsulla pul əldə etmək istəyirlər. Biz aktiv şəkidə “Stop Metsamor” kampaniyası aparırdıq. Həmin kampaniyanı yenidən aktivləşdirməyə ehtiyac yaranır”.
Məhəmmədəli QƏRİBLİ