Prezident İlham Əliyev paytaxtın Bilgəh qəsəbəsində, həmçinin, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışında bir sıra məsələlərə toxunub.
Dövlət başçısı bildirib ki, ölkəmiz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif edib ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin: “Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək”.
Prezident onu da qeyd edib ki, burada əsas məsələ özünə qapanmamaqdır: “Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir”.
Bütün bu deyilənlərlə yanaşı, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası baş tutsa, bu, Azərbaycanın dünyadakı nüfuzuna necə təsir edəcək?
“...sözügedən tədbir keçirilsə, bu, dünyada Azərbaycanın rolunu və nüfuzunu daha da artıracaq”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, BMT-də koronavirusla bağlı həmin tədbir keçirilsə, bu, Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcək: “Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Ölkəmizin təşəbbüsünü Hərəkat dəstəkləyirsə, o zaman BMT də buna xüsusi önəm verməlidir. Nəzərə almaq lazımdır ki, 120 ölkə Qoşulmama Hərəkatında təmsil olunur. Bu o deməkdir ki, BMT üzvlərinin əksəriyyəti QH-də təmsil olunan ölkələrdir. Nəzərə almaq lazımdır ki, QH-nin Azərbaycanda keçirilən tədbirində BMT Baş katibi də iştirak edib. Düşünürəm ki, BMT Azərbaycanın bu təklifini yüksək qiymətləndirəcək. Çox güman ki, sözügedən məsələ ilə bağlı BMT Baş Assambleyasında hansısa tədbir keçiriləcək. Azərbaycanın belə bir təşəbbüsü imkan verəcək ki, tərəflər fikir mübadiləsi aparsın və dövlətlər hansısa qərar çıxarsınlar. Məsələ ondadır ki, pandemiya məsələsi çox aktualdır. Koronavirusla mübarizədə dövlətlərin ortaq mövqedən çıxış etməsi zəruridir. O baxımdan hesab edirəm ki, sözügedən tədbir keçirilsə, bu, dünyada Azərbaycanın rolunu və nüfuzunu daha da artıracaq. Şəxsən mən buna şübhə etmirəm”.
Vidadi ORDAHALLI