İyunun 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.
Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Ölkə başçısı həmin xəstəxanaların açılışı zamanı söylədiyi nitqdə koronavirusun ölkəmizdə yaratdığı vəziyyətlə Ermənistandakı vəziyyət arasında müqayisə aparıb: “Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün, bugünə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.
Ölkə başçısının koronavirusun doğurduğu reallıqlarla bağlı Azərbaycanla Ermənistan arasında apardığı müqayisə nəyi deməyə əsas verir?
Beynəlxalq qiymətləndirmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan koronavirusa qarşı mübarizədə doğrudan da acız vəziyyətdə qalıb:“Azərbaycanla onların vəziyyəti ölçüyə gəlməyəcək dərəcədə fərqlidir. Bizdə qısa zamanda bir neçə modul tipli xəstəxananın tikilib istifadəyə hazır olması ölkənin inkişafının göstəricisi sayıla bilər. Ermənistanda isə xəstələri yerləşdirməyə xəstəxana, virusa yoluxanlara qulluq etmək üçün tibbi personal çatmır. Vəziyyət o yerə çatıb ki, Paşinyan özünün və ailəsinin də guya virusa yoluxduğuna dair məlumat verib. Bütün bunlar xaricdən yardım əldə etmək üçün edilən imitasiyalardı. O, koronavirusla bağlı məlumatları “Facebook” səhifəsində yazmaqla Səhiyyə Nazirliyi və ya bu sahəyə məsul quruma inamının olmadığını sübuta yetirir. Ermənistan ictimaiyyətindən pandemiya qurbanları və yoluxanların sayının gizlədildiyi bildirilir. Saylarla bağlı şəffaflığın qorunmaması ölkədə yoluxanların sayının artmasına da təsir göstərib. Bu istiqamətdə saxtakarlıq əhalinin pandemiyanın yayılmasına, hətta olmasına inamını azaldıb. Vəziyyətin ağırlığını Paşinyan da etiraf edərək deyib ki, Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları getdikcə çoxalır və vəziyyət daha da pisləşə bilər.
Ermənistan fövqəladə vəziyyət rejimi elan edib, hətta onun vaxtını uzatdı da. Azərbaycan isə buna zərurət görmədi. Ermənistan müxalifəti ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasının qanunazidd və siyasi məqsəd daşıdığına dair bəyanat yaydılar. Belə çıxır, koronavirus Nikol Paşinyana kömək edir. O, pandemiyaya qarşı mübarizəni bəhanə gətirərək fövqəladə vəziyyət rejimini siyasi rəqiblərini susdurmaq üçün tətbiq edir. Prezident yoluxanların sayı ilə də bağlı maraqlı müqayisəni təqdim etdi. Test edilənlərin sayı dəfələrlə az olsa da, onlar yoluxma sayına görə bizi üstələyir”.
Məhəmmədəli QƏRİBLİ