“...Bu dövr ərzində bir daha demək istəyirəm ki, Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən özünü güclü dövlət kimi göstərdi, iqtisadi sahədə güclü dövlət kimi göstərdi, sosial sahədə güclü dövlət kimi göstərdi. Göstərdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Onu da bildirməliyəm ki, bu dövr ərzində aparıcı beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik, biz kredit istəmirik. Ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit ala bilərik, bizə məqbul olan şərtlərlə. Ona görə bütün parametrlər üzrə Azərbaycan liderlik göstərib. Bu liderlik artıq regionumuzun çərçivələrindən çoxdan çıxıb”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib. Azərbaycan buna hansı gücün hesabına nail olub?
“Azərbaycan heç bir yerdən kömək almadan, həm də çox genişmiqyaslı mübarizə üsulu seçməklə digərləri üçün nümunədir”
Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, nəinki pandemiya dövrndə, eləcə də digər məsələlərdə Azərbaycan dövləti əsasən ehtiyacı olan ölkələrə yardım edən ölkə kimi tanınıb, nüfuz qazanıb. “Bütün dünya koronavirusla mübarizəyə qoşulub, insanların da tam olaraq bu ovqata köklənməsi xəstəliyin qarşısının alınmasında effekti artırmaq deməkdir. Bir çox ölkə, o cümlədən, Cənubi Qafqaz regionunda pandemiyaya qarşı tədbirlərin görülməsi maddi-tibbi və iqtisadi yardımlarla müşayiət olunur. Buna baxmayaraq, yenə də xəstəliyin artım tempi göstərir ki, buna arxalanmaq düzgün deyil. Bəzi inkişaf etmiş dövlətlər var ki, onlar sözügedən mübarizədə xüsusi fəallıq göstərir, hətta başqalarına da kömək əli uzadırlar. Azərbaycan da bu sırada özünə yer alıb.
Bu mənada, Azərbaycan koronavirusun ilk dövründən başlayaraq müstəqil şəkildə mübarizə planları hazırlayıb həyata keçirməyə başladı. Bütün bu tədbirlərin arxasında, sözsüz ki, dövlətin siyasi-iqtisadi gücü dayanır. Ölkəmizin artan dinamika ilə səciyyələnən inkişafı koronavirusla mübarizə məsələlərinin də heç bir asılılıq olmadan həllini təmin edir. Həmçinin, ictimai və media sektorunda təbliğat məsələləri də cəmiyyətin qaydalara adekvat reaksiyasında az rol oynamır. Ona görə də biz xəstəliyin yayılmamasında dövlətimizin tətbiq etdiyi karantin rejimi və maksimum qorunma tədbirlərinin nəticəsinin şahidi oluruq. Bütün cəmiyyət üzvləri bir az da qaydalara diqqətlə yanaşsalar, daha az itkilə bu gərginlikdən çıxmaq mümkündür. Yəni, bildiyimiz kimi, dövlət hər şeyi düşünüb və sadəcə, cəmiyyət karantin tədbirlərinə uyğun yaşamağı birmənalı qəbul etməlidir. Azərbaycan heç bir yerdən kömək almadan, həm də çox genişmiqyaslı mübarizə üsulu seçməklə digərləri üçün nümunədir”.
D.Osmanlının sözlərinə görə, ilk dönəmlərdə maska və digər tibbi materiallar çatışmazlığı olsa da, qısa müddətdə aradan qaldırıldı. Onun bildirdiyinə görə, bununla yanaşı, Prezident İlham Əliyev bu günlərdə modul tipli xəstəxanaların açılışını etdi: “Bu kimi tədbirlər göstərir ki, dövlət öz vətəndaşlarının həyatının qorunması, sağlamlığının təmin olunması naminə hər cür vacib təşəbbüsləri, layihələri gerçəkləşdirir” - deyə D.Osmanlı vurğuladı.
İradə SARIYEVA