Son günlər ölkə gündəmində əsas müzakirə olunan mövzu polis-vətəndaş münasibətləridir. Məlum olduğu kimi, ötən həftənin son iki günü üçün elan edilən sərt karantin rejimini pozduğuna görə Yasamal ərazisində polis vətəndaşı saxlayır, bölməyə aparmaq istəyir. Bu zaman yaxınlıqdakı binadan bir vətəndaş polisə zibil atır, müxtəlif söyüşlər söyərək təhqir edir.
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.
DİN-in Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib: “Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib”.
Qadını təhqir edən polisin işdən çıxarılması ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
“…işdən çıxarılması düzgün qərardır”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, vətəndaşlar bir-birini sevməli, bir-birinə hörmət etməlidirlər. Hamı bilməlidir ki, bu torpağın övladıdır, torpağa, ölkəyə, adət-ənənəmizə hörmətlə yanaşılmalıdır. Bu, məsələnin mənəvi tərəfidir. Yəni bir vətəndaş general ola bilər, başqa bir vətəndaş sıravi ola bilər. Hər kəs öz səlahiyyəti çərçivəsində, qarşılıqlı hörmət əsasında hərəkət etməlidir: “Azərbaycan polisi son illərdə əməliyyatları, asayişi təmin etməsi, nizam-intizamı ilə seçilir. Elə koronavirus pandemiyasına görə tətbiq edilən karantin zamanı mən müşahidə etdim, polis küçədə, məhəllələrdə çox gözəl xidmət apardı. İnsanlarla mehribanlığının, mədəniyyətinin şahidi olmuşam, bununla qürur duyuram. Həkimlərlə bərabər, polisimiz də gecə-gündüz çalışdı, hazırda da çalışır. Amma yenə də deyirəm, Yasamaldakı əməliyyat zamanı polisin qadını təhqir etməsi düzgün deyildi. Polis orada insanları təhqir edib, ”dovşansız" ifadəsini işlədib. Bunu edən şəxsin cəzalandırılaraq işdən çıxarılması düzgün qərardır. Daxili İşlər naziri Vilayət Eyvazov da bu məsələyə ciddi yanaşdığına görə - hansı ki, polisin cəzalandırılması ilə öz mövqeyini ortaya qoydu - çox ümid edirəm ki, obyektiv bir araşdırma olacaq, kimliyindən asılı olmayaraq, qanunu pozan hər kəs qanun qarşısında cavab verəcək”.
Günel CƏLİLOVA