Ermənistan daxilində baş verən hadisələr bu ölkədə Dağlıq Qarabağ münaqişəsi ilə ilgili müəyyən maraqlı fikirlərin səsləndirilməsi ilə müşayiət edilməkdədir. Söhbət hakimiyyətdə mövcud kadr dəyişikliklərindən, həmçinin, iqtidar və müxalifət arasında kəskinləşən ziddiyyətlərdən gedir. Eləcə də, koronavirus pandemiyasının vurduğu zərərin miqyasının hər gün genişlənməsi və hakimiyyətin bunun əlində aciz qalması da duruma əsaslı surətdə təsir edir.
Yaranmış vəziyyətdə təhlillər göstərir ki, Nikol Paşinyan iqtidarı diqqəti daxildə yaranan gərginlik və ziddiyyətdən yayındırmaq üçün cəbhədə vəziyyəti yenidən destabil istiqamətə yönəltməkdə maraqlı görünür. Cəbhədə son dövrlərdə düşmən təxribatlarının və atəşkəsin pozulma hallarının artması da bunun təsdiqi hesab edilə bilər. Amma Ermənistanda o da xəbərdarlıq edilir ki, bu halda hərbi əməliyyyatlar yenilənsə, Azərbaycanın genişmiqyaslı hücuma başlaması ilə aprel zəfərindən də böyük qələbələrə imza atması qaçılmaz olacaq. Bunu hətta Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Seyran Ohanyan belə açıq etiraf edir. Ohanyan qeyd edib ki, mövcud vəziyyətdə Azərbaycan tərəfindən hərbi əməliyyatların yenidən başlaması həmişə mümkündür:“Biz istənilən ssenariyə hazır olmalıyıq”. Elə Ermənistanın “Qraparak” qəzeti də məsələyə eyni prizmadan yanaşır: “Paşinyan və uğursuz komandası Ermənistanı fəlakətə sürükləyib, koronavirusun yayılması isə ölkəni çökdürür. İndi Paşinyan və komandasından yaxa qurtarmaq çoxlarının istəyidir. Artıq bu komanda işləyə bilmir, bunların hakimiyyətdən uzaqlaşdırılması və milli razılıq hökuməti yaratmaq kimi fikirlər formalaşır. Hətta Paşinyandan qurtulmaq üçün konkret təkliflər səsləndirilir. Biri, məsələn, növbədənkənar parlament seçkilərinin tez bir zamanda keçirilməsini təklif edir, digəri isə “Mənim addımım” ilə Paşinyanın yerinə başqa bir baş nazir seçilməsindən danışır. Hakimiyyəti Ermənistan prezidenti Armen Sarkisyana təhvil vermə variantı da maraqlıdır, amma Armen Sarkisyan, ilk növbədə komandan olmağa razı olmalıdır. Bir sözlə, Paşinyanı çıxarmaq üçün heç bir çatışmazlıq yoxdur və yalnız bunlardan birini seçmək qalır. Sual olunur nə vaxt? İş o yerə çatıb ki, Levon Ter-Petrosyanın düşərgəsində Paşinyanın hökumətdən mümkün “təcrid olunmasının” təhlükəsi hiss edilir. İndi Ter-Petrosyanın ofisinin Paşinyanın yaxınlaşan “devrilməsindən” narahat olması ilə bağlı məqamları şərtləndirən səbəblər çoxdur. Əsas səbəb Paşinyanın keçirdiyi uğursuz konstitusiya referendumudur, nəticədə Paşinyanın xəyalının o qədər də gerçəkləşməməsindən daha çox Ter-Petrosyan məyus oldu. Ter-Petrosyanın fikrincə, dövlət idarəçiliyinə dair konstitusiyanın qəbulu “ictimai gərginlik atmosferini əhəmiyyətli dərəcədə azaldır”. Onun fikrincə, həmin dövrədək isə müvəqqəti davranış qaydaları hazırlanmalı idi. Aydın məsələdir ki, bu nəzəriyyə postsovet Ermənistanının müstəqilliyinin ilk illərində, bir tərəfdən belə bir konstitusiyanın olmadığı, digər tərəfdən ölkə dövlət işlərindən və milli ideologiyadan uzaq insanlar tərəfindən idarə edildiyi zaman mövcud ola bilərdi. Onların yürütdüyü siyasət nəticəsində 1994-cu ildə xalq arasında gərginlik yüksək idi. Bu gün də Paşinyanın davranışı 1990-cı illərdə “dəb halını alan” nəzəriyyənin işə salındığını, konstitusiya və Konstitusiya Məhkəməsinin tərkibini dəyişdirmədən əvvəl “müvəqqəti davranış qaydaları” ilə irəliləməli olduğumuza dair düşüncənin təkrarlandığını göstərir. Hər gün hamımız Paşinyanın davranışının müvəqqəti qaydalarını görür və hiss edirik, milli dövlətçiliyin taleyindən narahat olur və vəziyyətdən çıxış yolu axtarırıq. 1994-cü ildən 26 il sonra, Ermənistan vahid prezidentlikdən yarı prezident sisteminə keçdikdən sonra parlament idarəçiliyinə çevrildikdə, “konstitusiya dəyişikliyi” adı altında vahid baş nazirlik idarəetmə üsulu olaraq, baş nazirin parlamenti, baş nazirin Konstitusiya məhkəməsi, baş nazirin məhkəmələri, baş nazirin vahid höküməti, baş nazirin hüquq-mühafizə orqanları və güc strukturlarının yaradılmasına cəhd edilir. Paşinyan dincəlməyəcək və ya konstitusiya dəyişdirilməyincə dincəlməyə icazə verilməyəcək. İstər Konstitusiya quruluşunun devrilməsi, ya da xaricilərin dəstəyi olsun, heç bir ayrıseçkilik edilməməlidir. Mövcud konstitusiya və bu konstitusiyadan sonra hökumətin dəyişdirilməsi şəraitində bütün cəmiyyəti cəmi iki ildə parçalayan və milli dövlətçiliyi dağıdan balanssız və barışmaz bir düşüncə tərzində xəyali yeni Ermənistanın qurulması baş tutmalıdırmı? Hər şey, 1994-cü ildə olduğu kimi, təbii olaraq iqtidar administrasiyasının istefasına və ya hakimiyyətdən uzaqlaşdırılmasına doğru aparır. Bununla əlaqədar edə biləcəyiniz heç bir şey yoxdur. Şəxsiyyətini xilaskarla qarışdırmağa başlayan bütün liderlərin taleyi belədir. Xilaskarımızla vida mərasiminin nə vaxt baş tutacağını yalnız zaman göstərəcək. Bundan sonra, əlbəttə, köhnə və yeni xilaskarların birgə səyləri ilə məhv edilənləri xilas etmək üçün əvvəlcə təcili hökumət yaratmağımız lazım olmazsa, həqiqətən milli bir hökumət yaratmağımız lazım olacaq. Amma bunlara Paşinyanın müqaviməti cəmiyyətdə ondan narazılığı artırır. Bu vəziyyətdə diqqəti yalnız Qarabağ məsələsi daha çox dağıda bilər. Təsadüfi deyil ki, cəbhədə atəşkəs pozulması barədə xəbərlər yenidən daha çox diqqət mərkəzinə gətirilir. Azərbaycanın sərhəd zonalara, xüsusən də Naxçıvana hansısa raketlər yerləşdirməsi xəbəri dövriyyəyə buraxılır. Bəli, Azərbaycan hər zaman müharibəyə hazırlaşdığını bəyan edir. Amma indiki halda onu müharibəyə təhrik etmək Ermənistan üçün faydalı deyil. Siyasi hesablar üzündən müharibəni yenidən alovlandırmaq indi Ermənistan üçün təhdiddən və yeni təhlükələrdən başqa bir şey deyil. Aprel savaşı bunun ən acı təcrübəsidir”.
Bununla yanaşı o da qeyd olunur ki, indiki halda İrəvan üçün önəmli olan danışıqlarda maraqlı olduğunu nümayiş etdirməkdir. Əks təqdirdə yeni savaş Ermənistanın nəzarətdə saxladığı ərazilərdən daha bir hissəsinin Azərbaycanın tərkibinə qayıtması ilə nəticələnəcək. Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, erməni hərbi ekspert Artsrun Ovhannisyan da bildirir ki, Azərbaycan yeni savaşın başlanmasında maraqlıdır:“Ermənistan buna şərait yaratmamalıdır”. Rusiyalı hərbi ekspert, Moskva Siyasi və Hərbi Təhlillər Mərkəzinin direktor müavini Aleksandr Xramçixin qeyd edir ki, Azəbaycan gücünə kifayət qədər arxayındır:“Bakı kifayət qədər silah-sursat ehtiyatı cəmləşdirib, ordunun döyüş qabiliyyətini yüksəldib. Bu durumda hansısa kiçik qığılcım yeni bir aprel savaşına təkan verə bilər. Ermənistan buna görə ehtiyatla davranmalı, cəbhədə sakitliyin olmasına daha çox çalışmalıdır. Amma hansısa məqsədlər üçün cəbhədə vəziyyət gərginləşərsə, bunun nəticələri barədə mütləq düşünmək lazım gəlir”. Bu xəbərdarlıqlara rəğmən, Ermənistan hakimiyyəti hələ də lazımı nəticələr çıxarmaqda acizlik nümayiş etdirir. Bu da onunla izah edilir ki, ölkədə daxili vəziyyət qeyri-sabitdir və Paşinyan iqtidarı cəmiyyətdə düşmən obrazı yaratmaqla öz məqsədlərinə çatmaq istəyir. Bu durumda son bir necə gün ərzində cəbhədə baş verən hadisələr onu göstərir ki, Ermənistan hakimiyyəti, Serj Sarkisyan və Robert Köçəryan dönəmində olduğu kimi, hər nə vasitə ilə olursa olsun, hakimiyyəti saxlamaq üçün Qarabağ kartından istifadə etməkdə israrlıdır. Amma ekspertlərə görə, cəbhədə baş verənlər ilk növbədə Ermənistan hakimiyyəti üçün başağırısına çevriləcək. Çünki indiki halda Ermənistanın itkiləri getdikcə daha da çoxalır. Elə statistika da göstərir ki, erməni ordusunda vəziyyət acınacaqlıdır. Misal üçün, bu ilin başlanğıcından indiyə kimi erməni hərbi birləşmələri 40-a yaxın hərbi qulluqçusunu itirib. Onların arasında zabitlər də var. Bununla yanaşı, Azərbaycanın ağır zərbələri nəticəsində Ermənistan bir sıra vacib hərbi texnikasını da itirib. Bu durumda Qarabağda yeni müharibənin başlanması isə düşmən itkilərini daha da artıracaq. Ekspertlər də hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın növbəti silahlı təxribatları Cənubi Qafqazın ən böyük ordusuna sahib olan Azərbaycanın düşmənə daha sərt cavab verməsi ilə nəticələnəcək. Bunu bilsə də, rəsmi İrəvanın bütün son addımları vəziyyəti kəskinləşdirməyə yönəlik olaraq qalmaqda davam edir. Halbuki, düşmən hər dəfə böyük uğursuzluq və erməni hərbçilərin öldürülməsi ilə layiqli cavabını alır. Amma görünən budur ki, Ermənistan hakimiyyəti hələ də bununla hesablaşmağı bacarmır. Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poqosyan da məsələyə məhz bu prizmadan yanaşır. Onun sözlərinə görə, Ermənistan vəziyyətin sakit məcrada inkişafında maraqlı olmalıdır:“Əgər sən hadisələrin bu cür inkişafına hazır deyilsənsə, savaş mütləq baş verəcək. Bu durumda o da görünür ki, Ermənistan rəhbərliyi öz xalqında xof yaratmağa çalışır ki, cəbhədə vəziyyət gərgindir, hər an müharibə başlaya bilər”. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri isə indi bütün cəbhə boyu döyüş hazırlığındadır, əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz hər hansı təxribata həmin anda dəqiq cavab verməyə hazırdır. Düşmən də bundan lazımı nəticə çıxarmalıdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.