Dünyada, xüsusən də bir sıra beynəlxalq təşkilatlarda hələ də ikili standartların hökm sürməsi yeni misallar timsalında özünü getdikcə daha qabarıq formada büruzə verir. Məsələn, bu gün Ermənistanda əsl diktaturasayağı hakimiyyət davranışları olduğu halda dünya buna susur. Halbuki, ermənilərin özləri Nikol Paşinyan iqtidarını ölkədə diktatura metodlarını tətbiq etməkdə itthlam edərək beynəlxalq qurumları yardıma çağırır. Amma Ermənistanda iş aparan təşkilatların çoxu, məsələn, Avropa Şurası baş verənləri görməzdən gəlir.
Erməni mediası yazır ki, bu vəziyyərdən istifadə etməyə çaləşan Paşinyan iqtidarı rəqiblərini ən müxtəlif metodlarla sıradan çıxarmağa hazırlaşır. Bunun üçün Paşinyan fövqəladə vəziyyət rejimindən də indi geniş şəkildə istifadə etməyə başlayıb. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda koronavirusa görə tətbiq edilmiş fövqəladə vəziyyət rejimi uzadılacaq. Nikol Paşinyan bunu onunla izah edib ki, koronavirusa yoluxanların sayının artması ciddi problemlər yaradır. Qeyd edək ki, son məlumatlara görə, bu ölkədə virusa yoluxanların sayı 15 minə yaxınlaşır. Pandemiyadan ölənlərin sayı isə 230-a çatmaq üzrədir. Fövqəladə vəziyyət rejimi iyunun 13-nə qədər qüvvədədir. Amma Paşinyanın açıqlamasından göründüyü kimi, hökumət onu uzatmağı düşünür. Erməni mediası yazır ki, bununla Paşinyan həm rəqiblərinin ona qarşı fəaliyyətini məhdudlaşdırır, həm də bu halda onları daha asanlıqla sıradan çıxarır. Paşinyana qarşı çıxanların sayı isə durmadan artır. Hətta Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvə olan müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri, milyarder Haqik Tsarukyan da Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edib. Tsarukyan deyir ki, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib:“İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu”. Eyni zamanda, parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan “İşıqlı Ermənistan” partiyası da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab edir. Paşinyanı narahat edən isə odur ki, Tsarukyan maliyyəsini ona qarşı istifadə etsə, ciddi problemlər yaşaya bilər. Bu səbəbdən o, Tsarukyanı sıradan çıxarmaq üçün hərəkətə keçib. Bundan irəli gəlir ki, Tsarukyanın məlum çıxışından sonra Ermənistan hakimiyyəti və “Çiçəklənən Ermənistan” Partiyası arasında qarşılıqlı atışmalar səngimir. “Qraparak” nəşri yazır ki, Tsarukyanın mövqeyi Paşinyana bağlı “Mənim addımım” fraksiyasının üzvlərini narahat edib. Məlumata görə, Nikol Paşinyan Tsarukyanla telefon danışığı aparıb və təhdid edib ki, addım atacağı təqdirdə hər kəsi məhv edəcək. Ancaq “Çiçəklənən Ermənistan” partiyasının üzvləri geri çəkilmir və Ermənistanın hakimiyyət nümayəndələrinə əks-zərbələr vurmağa davam edirlər. “Çiçəklənən Ermənistan” partiyasının deputatı Artyom Tsarukyan bu fonda bildirib ki, Paşinyan öz cangüdəninin bacısının adına Kanadada 3 milyon dollarlıq ev alıb. Partiya bu qəbildən olan yeni faktların da açıqlanacağını bildirib. Məhz bu səbəbdən Paşinyan indidən milyarderin sıradan çıxarılması əməliyyatına başlayıb. Tsarukyandan başqa, Paşinyan qorxulu rəqib hesab etdiyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, "Vətən" Partiyasının sədri Artur Vanetsyanı da sıradan çıxarmağı düşünür. “Qraparak” nəşri yazır ki, artıq Nikol Paşinyan müxalifəti zərərsizləşdirmək işinə başlayıb. Bu günlərdə bütün hökumət resursu hazırda konsolidasiya prosesləri gedən müxalif sahəyə qarşı yönəlib. Nəşr yazır ki, Paşinyanın bir nömrəli hədəfi Artur Vanetsyandır və baş nazir ondan xüsusi təhlükə hiss edir. Nəşrin məlumatına görə, Ermənistan MTX-nin yeni təyin olunmuş direktoru Argişti Kərəmyanın ilk tapşırığı Vanetsyanı "zərərsizləşdirmək" olub. Nikol Paşinyan hər hansı bəhanə ilə Artur Vanetsyanı Ermənistan MTX-yə çağırmağı, həbs etməyi, daha sonra məhkəməyə qarşı bütün qanadları işə salaraq iki aylıq həbs sanksiyası almağı tapşırıb. Paşinyan deyib ki, ən vacibi bu 2 ay ərzində onu qıfıl altında saxlamaqdır, 2 aydan sonra buraxacağıq. “Qraparak” yazır ki, Kərəmyan kadr zabit deyil və öz rəhbərinin tapşırıqlarını icra etmək məsələsində onun hər hansı "kompleks"i yoxdur. Məlumata görə, tezliklə Artur Vanetsyan dindirilməyə dəvət olunacaq və böyük ehtimalla, həbs olunacaq. Lakin əsaslı sübutlar olmadan məhkəmədən sanksiya almaq kifayət qədər çətin olacaq. Buna rəğmən, sübutların yoxluğu Paşinyanı maraqlandırmır. “Qraparak” nəşri yazır ki, bununla inqilabdan sonrakı iki il ərzində Paşinyan hökuməti Ermənistandakı siyasi düşüncəni, ictimai və partiya həyatını məhv edərək, artıq əsl diktatura yaradır:“Siyasət və siyasi elm qanunlarına görə, hökumət və müxalifət siyasi sistemin dayaqlarıdır, siyasi ənənələri onlar formalaşdırır, düşüncə tərzi verir, proqram təklif edir, bir-birinə qarşı çıxır və tənqid edirlər. Bu siyasi sistem Konstitusiya və siyasi seçkilərin nəticələrinə əsaslanır. Dünyadakı heç bir siyasi hakimiyyət güclü, nüfuzlu və ideoloji müxalifəti xəyal etmir, ancaq bu müxalifət hökumətin iradəsindən asılı olmayaraq formalaşır, qurulur və sonda hakimiyyətə gəlir. Ermənistana yeni bir ideoloji, proqramlı, prinsipial müxalifətlə yeni bir dövr, dönüş lazımdır. Vəzifəsi milli diktaturanın qurulması və ya Rusiya forpostunun gücləndirilməsi yox, azad, müstəqil, demokratik Ermənistanın qurulması prioritet olan müxalifət lazımdır. Amma Paşinyan indidən bütün müxalifəti məhv edir. Dünyanın başının koronavirusa qarışdığı bir vaxtda o bunu mümkün qədər tez etməyə çalışır. Bu səbəbdən yaxın tezlikdə müxalifətin total şəkildə, əsasən, inzibati metodlar hesabına sıradan çıxarılmasına start veriləcək”.
Nahid SALAYEV