Hazırda Cənubi Qafqazda əhalisinin koronavirusa yoluxma sayına görə Ermənistan “lider”dir. Vur-tut 3 milyona yaxın əhalisi olan kiçik bir ölkədə virus dalğasının günü-gündən genişlənməsi nəinki regiona, eləcə də bütün dünyaya böyük fəsadlar, ağrılar yaşada bilər. Bu istisna deyil.
Özünün və ailə üzvlərinin də koronavirusa yoluxduğu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə koronavirus daşıyıcılarının sayı barədə danışıb. Paşinyan qeyd edib ki, Ermənistanda 100 mindən çox koronavirus daşıyıcısı var.
Qeyd edək ki, Ermənistanda son sutkada 766 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb.
İndiyə kimi Ermənistanda 200 nəfər virus səbəbilə ölüb.
Ermənistanda virusa yoluxanların sayının həndəsi silsilə ilə artmasının bir sıra səbəbləri var. Əsas səbəblərdən biri də prosesin başdan nəzarətdən çıxmasıdır.
ÜST Ermənistanı təhlükəli koronavirus zonası elan edə bilərmi?
Ekspertlər qeyd edirlər ki, bu gün Ermənistandakı vəziyyət dünya üçün real qaçılmaz təhlükələr vəd edir. Onların fikrincə, bütün dünyada, o cümlədən də Cənubi Qafqazın iki ölkəsi - Azərbaycan və Gürcüstanda virusa tam nəzarət edilsə də, bu ölkələrdə ciddi karanrtin rejimi mövcud olsa da, əhalinin sağlamlığı, təhlükəsizliyi üçün lazımi tədbirlər görülsə də, biz Ermənistanda bunların şahidi ola bilmirik. Bu ölkənin nəinki cəmiyyətində, eləcə də həbsxanaları və ordusunda virusun sürətlə yayıldığını deyən ekspertlər hesab edirlər ki, beynəlxalq qurumlar artıq bu təhlükəli dövlətlə bağlı mövqelərini açıqlamalıdırlar.
Ekspertlərin sözlərinə görə, bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ermənistanı virusun yayıldığı təhlükəli zona elan etməli və dalğanın başqa ölkələrə də keçməməsi üçün tədbirlər görməlidir. Bu gün Ermənistana koronavirusla mübarizə aparması üçün kifayət qədər vəsait, tibbi ləvazimatlar ianə edilsə də, Paşinyan hakimiyyəti bunu xalqa yönəltmir. Ermənistanda test sayının az aparıldığını və buna görə də xəstəlik daşıyıcılarının böyük bir hissəsinin kənarda qaldığını qeyd edən ekspertlər hesab edirlər ki, hazırda bu ölkədə virusa yoluxanların real sayı 100 min nəfər yox, daha artıqdır. Çünki test sayı daha çox əhalini əhatə etsə, biz bu ölkədə daha çox insanın bu virusdan əziyyət çəkdiyini görə bilərik.
“Həm Paşinyanın, həm də Səhiyyə nazirinin koronavirusa istehzalı yanaşması...”
BDU-nun Tarix fakültəsinin Erməni araşdırmaları elmi-tədqiqat və tədris mərkəzinin böyük elmi işçisi, tanınmış ermənişünas İsmayıl Tanrıverdi bildirdi ki, hazırda Ermənistanda olan vəziyyət bütün dünyaya dəhşət saçır. “Bu gün Paşinyanın və onun rəhbərlik etdiyi hakimiyyətin başı başqa şeylərə qarışıb, onlar Ermənistanı başına götürən koronavirus epidemiyasının qarşısının alınması üçün heç bir tədbir görmürlər. Bu gün Ermənistan əhalisinin koronavirusa yoluxma sayına görə bəlkə də dünyanın əhalisi çox olan ölkələri ilə müqayisə edilməlidir. Yəni virusa yoluxanların sayı günü-gündən artır. Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti nəzarətə götürməli və Ermənistanı təhlükəli koronavirus zonası elan etməlidir. Əks halda, virus dalğası daha da genişlənə və qonşu dövlətlər, eləcə də dünya üçün ciddi faciələr yaşada bilər. Bu gün Ermənistanın ayrı-ayrı bölgələrində virusa yoluxanların sayı artır, Gürcüstandan Ermənistana tibbi ləvazimatlar və başqa vasitələr göndərilib. Gürcüstanın bu humanist addımını ermənilər lağlağı ilə qarşılayıb və “görün nə günə qaldıq ki, gürcülərin ümidinə qalmışıq” deyirlər. Bu, ermənilərin iç üzü. Paşinyan hökuməti əhalinin vəziyyətinə əhəmiyyət vermir. Hətta artıq Paşinyanın istefası məsələsi gündəmdədir. “Çiçəklənən Ermənistan” partiyasının sədri Paşinyana müraciət edərək bildirdi ki, Ermənistanda vəziyyət çox acınacaqlı olduğu üçün, Ermənistanın və erməni xalqının vəziyyətini nəzərə alaraq Paşinyan istefa verməlidir. Hazırda orada vəziyyət çox ağırdır. Bu gün Ermənistanda Paşinyana inam yoxdur, hətta camaat deyir ki, guya Paşinyan heç virusa yoluxmayıb və camaatla “virus oyunu” oynayır. Bununla da “görürsünüz ki, mən özüm və ailəm də virusa yoluxub” - deyə canını məsuliyyətdən xilas etmək istəyir. Hətta Paşinyanın əməllərinə etiraz əlaməti olaraq Ermənistanın Dövlət Gömrük Komitəsinin sədri David Ananyan da istefa verib. Halbuki, o, Paşinyanın ən yaxın silahdaşı idi, amma onun istefasını qəbul etdi. Ananyan keçirdiyi mətbuat konfransında bildirdi ki, onun müavini Paşinyanın yaxınlarının bəzi qaçaq malların gömrükdən keçirilməsinə razılıq vermədiyinə görə Paşinyan onu işdən azad edib, Ananyan da buna etiraz olaraq istefa verib”.
İ.Tanrıverdi qeyd edir ki, bu gün Paşinyanın başı alverə qarışıb. Paşinyanın Ermənistanda əməlli-başlı diktatura yaratdığını deyən ekspert bildirdi ki, erməni Baş nazirin koronavirusla “mübarizəsi” ilə bağlı Sarkisyanın kürəkəni Minasyan ifşaedici videogörüntülər yayıb. Paşinyanın özünün maddi gəlirlərini artırmaq üçün siqaret alveri etməkdən belə çəkinmədiyini deyən ekspertin sözlərinə görə, o, özünə var-dövlət yığır. “Minasyanın yaydığı videolarda açıq görünür ki, virusun yayıldığı ilk dövrlərdə Paşinyan “koronavirus nə itdir ki, bizim xalqa toxuna” kimi açıq iddialar irəli sürüb. Ermənistanın Səhiyyə naziri də həmin videoda deyir ki, “qısa müddətdə koronavirusu məhv edəcəyik”. Amma həm Paşinyanın, həm də Səhiyyə nazirinin koronavirusa istehzalı yanaşması bu gün Ermənistanı təhlükəli bir virus ocağına çevirib. ÜST-in müdaxiləsi olmasa, Ermənistandakı virus bütün dünyaya yayılacaq” - deyə İ.Tanrıverdi vurğuladı.
İradə SARIYEVA