Ermənistan diplomatiyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı getdikcə daha zəif duruma düşməsi, Azərbaycanın gedişləri qarşısında aciz durumda olmasını indi düşmən ölkənin özündə də etiraf edənlərin sayı artır. Bu durumda Ermənistanda tənqid hədəfinə çevrilən başlıca məqamlardan biri Rusiyanın incik duruma salınmasıdır.
Erməni mediası yazır ki, Moskva yaranmış vəziyyətdə Azərbaycana dəstəyi artırır və bu da Ermənistanın Bakının diplomatik hücumları qarşısında daha aciz vəziyyətə düşməsi deməkdir. Bildirilir ki, belə vəziyyətdə Moskvanın Qarabağ münaqişəsinin həllinin uzanmasından narazılıq ifadə etməsi də İrəvanın lehinə deyil. Xatırladaq ki, Rusiya Xariçi İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kremlin konfliktin çözümünün uzanmasından narahat olduğunu bildirib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Amma Qarabağ probleminin həlli çox uzandı". Yaranmış durum və Rusiyanın mövqeyini erməni tərəfi İrəvan diplomatiyasının acizliyi ilə izah edir. “Çiçəklənən Ermənistan” Partiyasının sədri Hagik Tsarukyan bu xüsusda bildirir: “Ermənistan diplomatiya sahəsində də uduzur. Halbuki, hakimiyyətə xalqın gözləntilərini reallaşdırmaq üçün zaman, eləcə də imkan verilmişdi. Biz bu dəyişikliklərə dəstək vermişik, bu arzuları reallaşdırmaq istəmişik. Əlbəttə, xalqın gözləntilərini reallaşdırmaq üçün imkan var idi. Hakimiyyətin strukturu, proqramı, tərkibi müəyyənləşəndə dedim ki, belə tərkiblə bu vədləri və gözləntiləri reallaşdırmaq mümkün deyil. Əsas problem odur ki, bu tərkibdə olan insanların heç bir təcrübəsi yoxdur. İl yarım əvvəl demişdim ki, xalq, dövlət təcrübə məkanı deyil. Burada peşəkar nəticələr göstərəcək təcrübəli insanlar olmalıdır. Əminliklə deyirəm ki, hökuməti 100% dəyişmək lazımdır, çünki bütün sferalar fiaskoya məruz qalıb. İqtisadiyyat, siyasət, diplomatiya sahəsində vəziyyət ağırlaşır. Rusiya ilə pisləşən münasibətlərin ağır nəticələri olacaq”.
Ermənistan Ali Sovetinin sabiq deputatı Azat Arşakyan isə bildirib ki, Moskva siyasətini dəyişməsə, Ermənistan Rusiya ilə münasibətlərə yenidən baxmalıdır:“Siyasi qərar qəbul edilməli və Ermənistan öz vassal statusundan imtina etməlidir”. Onun sözlərinə görə, siyasi təzyiq nəticəsində imzalanmış bütün müqavilələr yenidən nəzərdən keçirilməlidir:“Vəziyyəti dəyişməliyik, Ermənistan dövlətdir, Ermənistan vətəndaşları Rusiya vətəndaşları üçün Rusiya olduğu qədər hörmətli vətənə sahibdirlər. Yəni biz nəinki 1991-ci ildə özümüzü müəyyənləşdirmişik, həm də Rusiya ilə bərabər olmuşuq. Bu problem qarşıya qoyulmalıdır. Əks təqdirdə, əgər onlar bizim tərəfdaş olmağımıza razı deyillərsə, beynəlxalq məhkəmələrə müraciət etmək və rus əmlakını - qaz kəmərini, dəmir yolunu, hərbi bazanı milliləşdirmək lazımdır. Bunun nəticələri ağır olacaq, amma buna gedə bildiyimizi göstərməliyik”. Lakin "Qraparak” nəşri yazır ki, hadisələr Azat Arşakyanın dediyi kimi olarsa, Rusiya ilk zərbəni Ermənistana Qarabağ üzərindən vuracaq:“Ermənistan hakimiyyətinin cəsur davranış tərzi artıq absurd həddə çatıb. Hakimiyyət stukturları insan həyatının bütün sahələrində fəaliyyət göstərir. Bu, həyatımızın bütün sahələrinin Ermənistan hakimiyyətinin səhv hesablamalara və ağrılara söykənən hərəkətlərindən əziyyət çəkmələri deməkdir. Bu gün Ermənistan üçün həyati əhəmiyyət daşıyan əvəzolunmaz sahələrdən birinin faciəli vəziyyəti barədə danışacağıq - xarici siyasətdən. Çətin ki, bu gün kimsə Xarici İşlər Nazirliyinin ölkənin həyatındakı rolunu yüksək qiymətləndirə bilməsin. Digər tərəfdən, bu nazirliyi tənqid etmək bir növ nankorluqdur, çünki Xarici İşlər Nazirliyini və nazirini tənqid etsəniz, dövləti tənqid etmiş olarsınız və bu, yaxşı göstərici deyil. Hətta Xarici İşlər Nazirliyinin mətbuat katibini tənqid etmək də qeyri-adi sayılır, çünki digər sözcülərdən fərqli olaraq, bu sözcu başqa bir şəxs tərəfindən təcəssüm etdirilən həmin xarici işlər naziri və Nazirliyindən başqa birisi deyil. Ancaq deməliyik ki, bu gün diplomatiya sahəsində ən aşağı səviyyədə olan erməni diplomatiyası, ya da Ermənistanın “mənim addımçılarım” hakimiyyətinin əlindən saxtalaşdırılmayıb, yəni ya mövcud deyil, ya da varlığını yalnız bayramdan bayrama xatırladır. Xarici siyasətin Xarici İşlər Nazirliyinin inhisarında olmadığı aydındır, lakin Xarici İşlər Nazirliyinin bu istiqamətdə hökumətin memarı və xarici siyasətin inkişafında əsas rol oynadığı aydındır. Xarici İşlər Nazirliyi sadəcə öz funksiyalarını yerinə yetirməyə qadir olmayan kifayət qədər yorğun bir qurumdur. Xarici işlər naziri Zöhrab Mnatsakanyan zaman-zaman Azərbaycan XİN rəhbəri ilə görüşür, bu da üçüncü tərəflər bunu təşkil etdiyi halda baş tutur. Təsəvvür edin ki, Məmmədyarovla bu görüşlər xarici işlər naziri və Nazirliyi üçün əsl bayramdır. Qalan vaxt Mnatsakanyan kimin daha uzun müddət siyasi həyatdan uzaq olacağı sahəsində Armen Sarkisyanla rəqabət aparır. Xarici İşlər Nazirliyi necədirsə, onun mətbuat katibi də eyni şəkildədir. Kimsə mənə izah edə bilərmi, necə olur ki, Zaxarova bütün Rusiya mediasını özü arxasınca sürükləyib aparır, Ermənistanın mətbuat katibi olan xanım isə Zöhrab Mnatsakanyan və müavinləri ətrafında keçilməz qalalar tikərək mətbuatdan qorunmaqla məşğuldur. Fərqlər aydın deyilmi? Azərbaycan prezidenti İlham Əliyev Qarabağ məsələsini güc yolu ilə həll edə biləcəyini təkrarladıqda Mnatsakanyan nə etməli idi? İlham Əliyevin açıqlamasına hazırladığı cavab mətnini Nikol Paşinyanın qəbuluna gətirməli və məruzə etməli idi. Paşinyan, koronavirusla məşğul olmasına baxmayaraq, hesab olunur ki, Azərbaycana cavab verməyə vaxt tapardı və ya heç olmasa, “cənab Mnatsakanyan, siz oxuyun” deyərdi. Ancaq yox, məlum oldu ki, nə Paşinyan, nə də Mnatsakanyanın Azərbaycana deyəcəyi bir şey var. Mikayıl Arutyunyan (işğal altında olan Qarabağdakı qondarma qurumun “rəhbəri”) vəziyyəti xilas etməyə çalışdı, amma hamımız başa düşürük ki, onun cavabı Azərbaycan və Minsk Qrupu həmsədrləri üçün əhəmiyyətli deyil. Bu müddət ərzində Mnatsakanyan Paşinyanın qulağına pıçıldaya və onu koronavirusla, xüsusən epidemiologiya ilə mübarizənin, hər gün maska taxmaq və ya əllərini dezinfeksiya etmək barədə danışmağın baş nazirin prioriteti olmadığına inandıra bilərdimi? Bunu, hörmətli şef, birbaşa maneə törətdiyiniz tibb işçiləri və ya mütəxəsissləri də edə bilər. Bilirəm ki, Mnatsakanyanın belə bir işi görmək üçün cəsarəti olmalıdır, amma bunu belə qoymaq da düzgün deyil. Sıfır xarici siyasət, xüsusən də qonşularımızın əhatəsi kontekstində, şübhəsiz ki, problemlərdən yayınmaq üçün ən yaxşı seçim deyil. Bu durumda Azərbaycanın diplomatik hücumlarının artımı təbiidir. İndi buna Rusiyanın da dəstək verməsi vəziyyəti daha da pisləşdirir. Bu durumda Qarabağ məsələsində Ermənistanı heç də məmnun etməyən hallar görmək olar”.
Elə erməni ekspert Edvard Sanamyan da vurğulayır ki, Azərbaycan geosiyasi müstəvidə daha uğurlu manevrlər edərək Rusiyanın ardınca ABŞ-ı da öz yanına çəkir. Onun sözlərinə görə, Rusiyadan sonra Azərbaycana ABŞ tərəfindən də dəstək artsa, Qarabağ məsələsində İrəvan çox çətin duruma düşəcək:“İnqilabdan sonra bizi Avrasiya bataqlığına daha güclü bağladılar və kiçicik bir müqavimət göstərmədən onda batırıq. Məsələn, Avrasiya İqtisadi Birliyi və KTMT Rusiya ilə münasibətlərdə kolonializmi daha da gücləndirir. Ermənistanın Kremldən asılılığına son qoymaq şüarı ilə meydana atılan Paşinyana camaat inandı və istədiyi kresloya doğru irəliləməkdə ona dəstək oldu. Ancaq indi baş nazir Rusiya ilə də münasibətləti korlayıb. ABŞ-la da əlaqələr pisləşir. Hakimiyyət bunun Qarabağ münaqişəsinə necə təsir edəcəyini bilirmi?”. Bu qeyd edilənlərdən bir daha bəlli olur ki, İrəvan bu gün nə ABŞ-da, nə də Rusiyada hörmətlə qarşılanır. Əksinə, ona sadəcə bir vasitə, alət kimi yanaşılır. Belə vəziyyətdə böyük dövlətlərin diqqətini Azərbaycan üzərində cəmləməsi isə, təbii ki, Qarabağ münaqişəsinin çözümündə də mühüm yeniliklərə yol aça bilər. Erməni politoloq Stepan Qriqoryan bildirir ki, böyük dövlətlərlə pisləşən münasibətlər Ermənistana ciddi zərə vuracaq:“Bu səbəbdəndir ki, indiki ağır durumda onlar bizdən qaçır. İş o yerə çatıb ki, Gürcüstan koronavirus pandemiyasının aradan qaldırılması işində Ermənistana yardım təklif edir. Rusiya isə Ermənistanın bu çətin vəziyyətində qazın qiymətini bahalaşdırmağı təklif edir. Rusiya ağır anlarda həmişə Ermənistana “atıb”. Eyni mövqeni ABŞ tərəfdən də müşahidə edirik. Van döyüşü zamanı türklərə qarşı mübarizə aparanda 10-20 kilometr məsafədə olan rus qoşunlarının gəlmədiyini, dəstək vermədiyini, halbuki borclu olduğunu xatırlayaq... Qazın qiymətinin bahalaşdırılması məsələsində mən şantaj elementləri gördüm, Rusiyanın bugünkü hakimiyyətindən hər şey gözləmək olar. Onlar Qarabağ məsələsində də bizi güzəştə vadar etməyə hazırdır. Rusiya yenə Ermənistana yuxarıdan aşağı baxır. Azərbaycana isə hörmətlə yanaşılır. Bunların əvəzində Qərbdən də dəstək görmürük. ABŞ kimi nəhəng üçün Azərbaycan, Türkiyə ilə əməkdaşlıq prioritetdir. Bakı bütün bunlardan istifadə edib daha çox beynəlxalq dəstək almağa çalışır ki, Qarabağ münaqişəsini istədiyi çərçivədə daha tez həll edə bilsin”.
Proseslərə bu şəkildə yanaşmanı Ermənistanda bölüşənlərin sayı kifayət qədərdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.