10/07/2020 22:21
728 x 90

Polisin bugünkü işini qara-qura həmlələrin hədəfinə alanlar… - Aydın QULİYEV yazır…

img

Xüsusilə də son iki gündə polis strukturlarının fəaliyyətində diqqət cəlb edən bir neçə həlledici məqam var.  Bütün polis qüvvələri koronavirusla mübarizə üzrə müvafiq dövlət qurumlarının qəbul etdiyi qərarların icrasına cəlb edilib. O dərəcədə ki, hətta bəzən elə görünür ki, polislərin işi tək pandemiya ilə bağlıdır. Əslində isə koronavirusla mübarizənin bütün ağırlığının üzərinə qoyulduğu polis strukturlarının hər biri həm də öz ana funksiyasının icrası ilə məşğuldur. Başqa sözlə desək, ictimai asayişə nəzarət edilir, cinayətkar elementlər təqib və təhqiq olunur, yeniyetmələrlə iş aparılır, narkotiklərlə, ağır cinayətlərin bütün növləri ilə mübarizə də öz yerində…

Bunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev öz “Facebook” səhifəsində yazıb. A.Quliyev daha sonra bildirir:

Pandemiya ilə mübarizə qaydalarının hamılıqla icrasına nəzarət isə bu günlərdə bütün polis sistemini həm şəxsi, həm də strukturlar planında vahid xətt ətrafında toplayan əsas və ümumi prosesə çevrilib. Hər bir vicdanlı şəxs üçün təkcə bunlar kifayətdir ki, polisin bu günlərdə hansı ağırlıqda yükün altında olduğuna qərəzsiz və obyektiv qiymət versin.

Verilir də… Xüsusən bu son iki gündə evi yananın da, doğuşa gedənin də, evində çörəyi tükənmiş kimsəsiz qocanın da, əlinə bıçaq batmış evdar qadının da kömək üçün müraciət və nicat yeri yenə polislər oldusa, nəticə çıxarmaq artıq hər kəs üçün vicdan məsələsidir…

Bunu bütün cəmiyyət görür və dəyərləndirir. Bina mənzillərinin birindən hansısa  vətəndaşın həvəskar qaydada səsləndirdiyi dövlət himninin səsini eşidən kimi hərəkətdə   və sükan arxasında olan polislərin dərhal sayqı duruşuna dayanmaları qürur mənbəyi olmaqla bərabər, polisin dövlət və ictimai mənafeləri bir arada aparmaq missiyasına necə peşəkarlıqla yanaşdığını da sübut edir.

Təəssüf ki, polis orqanlarının fəaliyyətində bu məqamları görməyənlər var. Nəinki görməyənlər, reallıqları qəsdlə baş-ayaq çevirənlər var.

Polisin hardasa kiçik insan qruplarına məhdudlaşdırıcı qaydalarla bağlı maarifçi tövsiyələr verməsini guya hansısa "ağır qarşıdurmanın gərgin anları" kimi təqdim edən sosial şəbəkə fəalları öz işlərindədir. İşi-gücü polisin pandemiya ilə yox, guya cəmiyyətlə qarşı-qarşıya dayandığını göstərməkdən ibarət olanlar da göründü.

Hər kəsin evində rahat oturduğu həftə sonunda polislərin küçə-bacada keşik çəkməsi, hətta yeməklərini belə ayaq üstdə yeməsi, saatlarla piyada gəzməsi sanki xalqa qarşı yönəlmiş işlər imiş… Bunları da görən, bilən təkcə bu sosial şəbəkə qəhrəmanları imiş…

Unudurlar ki, polislər koronavirusla mübarizə qaydalarını özləri yazmır, hər hansı siyasi qərarlar vermir, cəmiyyətin təhlükəsizliyi və sağlamlığı üçün müvafiq başqa orqanların hazırladığı qərarların icrasına nəzarət edir. Vəssalam…

Bu günlərdə öz siyasi ambisiyalarını, kin-küdurətini polisin üstünə yönəldənlərin niyyətlərini başa düşmək çətin deyil. Birmənalı aydındır ki, niyyətlər xoş deyil, cəmiyyətin mütləq əksəriyyətinin əleyhinədir, çünki polisin qara-qura həmlələrin hədəfinə çevrilmiş bugünkü fəaliyyətləri məhz cəmiyyətin mütləq əksəriyyətinin həyati mənafelərinə xidmət edir.

Son xəbərlər