07/07/2020 00:20
728 x 90

Prezident AŞPA-nın 2001-ci ildən qəti məşğul olmadığı öhdəliyini gündəmə gətirdi – Qarabağ münaqişəsi də sizin missiyanızdır...

Seyid Camal Əzimbəyli: “Qurum Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı işğalçı tərəfə gərəkən təzyiq göstərməyib”

img

Bu günlərdə Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub.

Ölkə başçısı qeyd edib ki, bütün aparıcı ölkələr Qarabağdakı “seçkilər”i qınayıb, Avropa Şurası Parlament Assambleyasından başqa: “İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası seçkiləri qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk Qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, “seçkilər”i tanımırlar. Avropa İttifaqı bəyan edib ki, “seçkilər”i tanımır. Avropa Parlamenti, həmçinin, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu “seçkilər”i qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu”.

Hansı ki, Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürüblər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. Ancaq ötən 19 ildə AŞ Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təsirli tədbirlər görmədi. İşğalçı ölkəyə gərəkən təzyiqləri göstərmədi.

  • “Ermənistandan fərqli olaraq, Azərbaycan üzərinə düşən öhdəliklərə sadiqdir”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, AŞPA zaman-zaman Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib: “O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı işğalçı tərəfə gərəkən təzyiq göstərməyib. Hansı ki, münaqişənin tənzimlənməsi həm də sözügedən qurumun missiyasıdır. Prezident məlum çıxışında həm də sözügedən qurumun üzərinə düşən missiyanı yerinə yetirmədiyini gündəmə gətirdi. Ermənistandan fərqli olaraq, Azərbaycan üzərinə düşən öhdəliklərə sadiqdir. Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı öhdəliklərin monitorinqini məhz Avropa Şurası həyata keçirir. Belə olan halda, münaqişə məsələsinə dair fikir bildirmək, ilk növbədə, həmməruzəçilərin mandatına daxildir. Onlar isə susurlar. Ona görə ki, işğalçı tərəfə təzyiq göstərmək istəmirlər. Ötən illər ərzində Ermənistan münaqişənin həlli istiqamətində bir addım belə atmaq istəməyib. Həlledici məqamlarda müxtəlif bəhanələrlə danışıqlardan yayınıb. AŞPA bütün bu proseslərin monitorinqini aparmağı öz öhdəsinə götürsə də, bunə əməl etməyib. Eyni zamanda, bununla bağlı prinsipial mövqe ortaya qoymayıb. Ona görə də AŞPA-nın ədalətli qurum olmasından söhbət belə gedə bilməz”.

Vidadi ORDAHALLI

Son xəbərlər