07/07/2020 01:02
728 x 90

AŞPA rəhbərliyi hitlerçi faşist Njdeyə heykəl qoymuş ölkə deputatının Azərbaycana faşist deməyinə susdu - Olarmı...

Şakir Ağayev: “...bu qurumun ölkəmizə qarşı ədalətsiz, qeyri-dürüst mövqe tutmağının göstəricisidir”

img

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli mövqeyi heç cür anlaşılan deyil. “Demokratiya” donu geyməyə çalışan bu təşkilatın zaman-zaman ermənipərəst mövqe sərgiləməsinin şahidi olmuşuq. Ermənistan nəinki Cənubi Qafqazda, hətta bütün dünyada faşizmin çiçəkləndiyi, qollanıb qanadlandığı bir respublikadır. Bunu AŞPA-da, başqa beynəlxalq təsisatlarda çox yaxşı bilirlər, sadəcə, müəyyən maraqlara görə bunu görməzdən gəlməyə çalışırlar.

Özü təpədən-dırnağa faşizm çirkabına bulaşmış Ermənistanın Azərbaycana qarşı bu motivdə hər hansı bir iddia irəli sürməsi bütün mənalarda yanlışlıqdır, amma AŞPA öz tribunasından erməni deputatın ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməsinə şərait yaradır.

Bir neçə gün əvvəl Tərtər rayonunda səfərdə olarkən Prezident İlham Əliyev AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe göstərdiyini bir daha qeyd etdi. Prezident dedi ki, bu ilin yanvar ayında AŞPA sessiyasinda bir erməni deputat Azərbaycanı faşizmlə əlaqələndirdi, ancaq AŞPA rəhbərliyi reaksiya vermədi ki, faşistə heykəl qoyan sizsiniz.

“Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki, hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir...” - deyə ölkə başçısı qeyd edib.

  • “Belə olmasaydı, AŞPA faşizm əlaltılarını, cəlladlarını bütləşdirən, heykəlləşdirən Ermənistanı sərt tənqid edərdi”

“Novoe vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Şakir Ağayev baki-xeber.com-a bildirdi ki, AŞPA-nın və ona bənzər bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəz nümayiş etdirməsi, bizə ikili standartlarla yanaşması məlumdur. “Prezident Tərtərdəki çıxışında bu məsələyə toxundu. Cənab Prezident tərəfindən AŞPA-nın ünvanına bildirilən iradlar tamamilə haqlı və əsaslıdır. Avropa Şurası Parlament Assambleyası təkcə erməni deputatın Azərbaycanı faşizmlə “əlaqələndirmək” cəhdlərinə, onun bizə qarşı həqiqətə uyğun olmayan fikirlər bildirməsinə şərait yaratmayıb, bunu susqunluqla qarşılamayıb, həmçinin də qondarma “DQR”də keçirilən qanunsuz “prezident seçkiləri”nə, bu “seçki” şousuna da heç bir münasibət bildirməyib. Özünü elə aparırdı ki, guya bütün bu biabırçılıqdan xəbərsizdir. Halbuki, digər beynəlxalq qurumlar, eləcə də iri və kiçik dövlətlər qondarma rejimin keçirdiyi saxta “seçkilər”i tanımadıqlarını və bu prosesin qanunsuz olduğunu bəyan etdilər. Bircə AŞPA susdu... Birinci dəfə deyil ki, bu təşkilatda Azərbaycana münasibətdə ikili standartlardan istifadə edilir. Erməni deputatın Azərbaycanı hər hansı formada “faşizmə” bağlaması cəhdlərinə də AŞPA-nın susması bu qurumun ölkəmizə qarşı ədalətsiz, qeyri-dürüst mövqe tutmağının göstəricisidir. Təbii ki, erməni deputatın tamamilə haqsız olduğunu, bizə qarşı qərəz sərgilədiyini AŞPA da yaxşı bilirdi və bilərəkdən də o əsassız, haqsız fikrə sərt reaksiya vermək əvəzinə, susmaqla ermənilərin yalanlarına dəstək verir. Bu, Azərbaycana qarşı haqsız mövqenin nümayişidir. AŞPA da, eləcə də bütün dünya bilir ki, Ermənistan faşizmin müasir ocaqlarından biridir, amma AŞPA bunu görməzdən gələrək, özünün əsl ermənipərəst simasını göstərir. Belə olmasaydı, AŞPA faşizm əlaltılarını, cəlladlarını bütləşdirən, heykəlləşdirən Ermənistanı sərt tənqid edərdi. Amma etmədi. Ermənistan faşizmin müasir beşiyidir. Azərbaycan isə beynəlxalq aləmdə faşizmin qəti əleyhdarı, faşistlərə heykəl qoyan erməniləri kəskin şəkildə ifşa edən və neofaşizmin bütün bəşəriyyət üçün təhlükə olduğunu bildirən dövlətdir.

Faşist Qaregin Njdeyə Ermənistanda 6 metr hündürlüyündə abidə qoyularkən AŞPA buna heç reaksiya vermədi. Heç olmasa, AŞPA tərəfindən bu qətnaməyə münasibət bildirilməli idi. Təəssüflər olsun ki, bu təşkilat buna heç bir münasibət bildirmir.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə beynəlxalq tədbirdəki, yığıncaqlardakı çıxışlarında, müsahibələrində bildirmişdi ki,ermənilər faşizmi bütləşdirirlər, “müqəddəsləşdirirlər”. Prezident də vurğulamışdı ki, faşizmdən bütün bəşəriyyət böyük əziyyətlər çəkib, ağır faciələrlə üzləşib, bunu isə bütün dünya bilir. Amma AŞPA cənab Prezidentin tamamilə haqlı və əsaslı fikirlərinə, bütün bəşəriyyəti düşünən qayğıkeş münasibətinə münasibət bildirmir, amma ermənilərin haqsız ittihamlarına da susur. Hətta nə qədər ikili standartlardan çıxış etsələr də, ermənilərin faşizmə qulluq etdiyini görməli idilər, bunu görməmək üçün kor olmaq lazımdır.

Mən XX əsrin əvvəllərinə və ondan əvvəlki dövrlərə toxunmaq istəmirəm, yalnız Azərbaycan Avropa Şurasına üzv olduğu dövrə nəzər salmaq istəyirəm. 1988-ci ildən bu yana ermənilər Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağda azərbaycanlılara qarşı sərgilədikləri faşist üsul-idarəsi, eləcə də xalqımıza qarşı törətdikləri soyqırımlar, xüsusən də Xocalı soyqırımı bütün dünyanın, o cümlədən də Avropa Şurasının gözləri qarşısında baş verən hadisədir. Bura Qarakənd faciəsi, Malıbəyli, Kosalı, Kərkicahan, Quşçu, eyni zamanda da Xocalı soyqırımı və sair daxildir”.

Ş.Ağayev bildirdi ki, azərbaycanlıların ermənilər tərəfindən kütləvi qırğınlara məruz qalması müasir dünyanın gözləri qarşında baş verib. BMT-nin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı çıxardığı 4 qətnaməyə göz yumulduğunu deyən Ş.Ağayev bildirdi ki, Dağlıq Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyü BMT tərəfindən qəbul edilib. Azərbaycan 1992-ci ilin martında bu təşkilata üzv olub. Haqqa göz yumub və eyni zamanda da haqsızlığa susmaq, Ermənistanı təcavüzkar dövlət kimi tanımamaq bizə qarşı böyük ədalətsizlikdir.

İradə SARIYEVA

Son xəbərlər