Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 75-ci sessiyasının prezidentiliyinə cəmi bir namizəd var. Türkiyəli qocaman diplomat Volkan Bozkırın prezident seçilməsi ilə bağlı BMT-yə üzv olan 193 ölkəyə məlumat verilib. Onlar bu məsələyə məktub vasitəsilə cavab verməli idilər. Ancaq Ermənistan, Yunanıstan və Kipr buna qarşı çıxıb. Onlar tələb ediblər ki, türkiyəli diplomatla bağlı BMT-də səsvermə keçirilsin. Bu barədə Ermənistan mediası məlumat yayıb. Xəbərdə vurğulanır ki, iyunun 17-də bu məsələ ilə bağlı BMT-də seçki keçiriləcək. Ermənistan XİN-in sözçüsü şərhində bu yöndə olan narazılığı dilə gətirib. Bildirib ki, Ermənistan, Yunanıstan və Kipr birlikdə bu məsələ ilə bağlı öz etirazlarını bildiriblər:“BMT-nin tarixində ilk dəfədir ki, BMT Baş Məclisinə sədrliklə bağlı namizədliyi irəli sürülən yeganə şəxsin məsələsi səsverməyə qoyulur”.
BMT-nin rəhbər strukturuna namizədliyi irəli sürülən yeganə şəxsin məsələsini səsverməyə çıxarmaq nə dərəcədə məntiqli görünə bilər?
Bəllidir ki, Ermənistan, Yunanıstan və Kipr ənənəvi olaraq Türkiyəyə qarşı düşmənçilik siyasəti yeridir. Volkan Bozkır məsələsində biz bunu yenidən aydın şəkildə görürük. Volkan Bozkır son dərəcə nüfuzlu diplomat və siyasətçidir. O, Türkiyənin Avropa Məsələləri üzrə (2015-2016) naziri olub. Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlara o rəhbərlik edib. 2011-ci ildə isə İstanbuldan Türkiyə parlamentinə deputat seçilib. Volkan Bozkır ingilis və fransız dillərini mükəmməl bilir.
Ermənistan və müttəfiqlərinin bu məsələdəki canfəşanlığı anlaşılandır. Onlar son vaxtlar bir sıra başqa məsələlərlə bağlı da anti-Türkiyə mövqeyi ortaya qoyurlar. Türkiyənin Aralıq dənizinin şərqində qazma-axtarış işləri aparmasına da bu üçlük bacardığı qədər mane olmağa çalışırdı. Maraqlıdır ki, həmin çoğrafiyadan uzaq olan cırtdan Ermənistan da bu məsələdə dostlarının yanında olmağa cəhd göstərdi. Həmin vaxt Ermənistan XİN belə bir açıqlama verib ki, Türkiyənin Kiprin şimal-şərqində qazma işləri aparmaq cəhdi onlarda dərin narahatlıq hissi doğurur və Ankaranın Aralıq dənizinin şərqindəki çalışmaları bölgədə sabitlik və təhlükəsizlik üçün risqdir. Maraqlıdır ki, Ermənistan rəsmiləri türk diplomatının BMT-də vəzifəyə namizədliyinə etirazlarını da, güya Ankaranın sülh və sabitlik üçün təhlükəli ölkə olması ilə əsaslandırmağa çalışır. Əslində dünyaya məlumdur ki, bütün region və dünyadakı sülh prosesinə təhdid yaradan ölkə Türkiyə yox, Ermənistandır. Faktiki olaraq, həmin ölkə başqa bir qonşu dövlətin ərazisinin 20 faizini işğal edib. İşğal edilmiş ərazilərdən çıxmaqla bağlı məhz indi şikayət etdiyi BMT Təhlükəsizlik Şurasının 4 qətanaməsini icra etmir. Belə bir ölkənin bəşəri dəyərləri əsas gətirib hansısa seçimə qarşı çıxması gülünc görünür. Onlar gözəl bilir ki, həmin posta yeganə namizəd olan türk diplomatın seçilməsinin qarşısını ala biləcək mexanizm yoxdur. Sadəcə, fürsətdən istifadə edib, Türkiyənin nüfuzuna xələl gətirməyə çalışırlar. Ermənistan və onun digər havadarlarının indiyə qədərki cəhdləri kimi, bu da uğursuz olacaq və biz nüfuzlu türk diplomatını layiq olduğu postda görəcəyik.
Məhəmmədəli QƏRİBLİ