06/07/2020 23:42
728 x 90

Ermənistanın nüfuzlu siyasi elitasında “hökumətin tam tərkibdə dəyişməsi” müzakirələri intensivləşir...

Əli Orucov: “Hökumətin pandemiya qarşısında acizliyi daha çox özünü göstərdikcə, artıq belə tələblər ən yüksək səviyyədə səslənir”

img

Erməni mediası yazır ki, iyun ayının əvvəllərindən etibarən koronavirusa yoluxma və ölüm nisbətləri kəskin şəkildə artdıqdan sonra Ermənistanda vaxtaşırı hökumətin istefası tələbləri səslənməyə başlayıb. Bu tələbləri həm parlamentdəki müxalifət partiyaları, həm də siyasi yönümlü olmayan bir çox insan səsləndirdi.

Bununla belə, Ermənistanın parlament müxalifəti hökumət qarşısında sərt tələblə çıxış edib. Müxalifət koronavirus pandemiyası ilə bağlı ağır vəziyyətin yaranma səbəbləri barədə hökumətdən izahat, eyni zamanda, xəstəliklə mübarizədə müsbət tendensiyanın hiss olunmamağının səbəblərini izah etməyi tələb edib. Qeyri-parlament müxalifəti baş verənlərə görə məsuliyyətin Nikol Paşinyan və onun hökumət üzvlərinin üzərinə düşdüyünü bəyan edib.

Erməni mətbuatı yazır ki, artıq nüfuzlu siyasi elitalarda belə, hakimiyyətin tam tərkibdə istefasından danışılır.

İctimai Şuranın sədri Stepa Səfəryan hökumətdə böyük dəyişikliklərin baş verməsinin əlamətlərinin olduğunu deyib. O hesab edir ki, istefa verməsələr, heç nə dəyişməyəcək. İstefa tələbləri ilə daha çox “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyan çıxış edir. O, partiyanın siyasi şurasının təcili iclasını çağırıb və bildirib ki, hökuməti 97% yox, 100% əvəz etmək lazımdır. Çarukyan əvvəllər Paşinyanın istefasını tələb etmirdisə, artıq hesab edir ki, baş nazir də istefa verməlidir: “Əsas problem odur ki, hökumətdə məsuliyyətli, idarəedici, real həyatda barmağı barmağına dəyməyən, heç bir sahəni idarə etməyən, təcrübə çatışmazlığı olan insanlar var... Peşəkar nəticələr göstərmiş təcrübəli insanlar olmalıdır və siyasi mənsubiyyətin əhəmiyyəti yoxdur. Çünki bütün sahələr uğursuz oldu”.

Öz növbəsində, Ermənistan Prezidenti Armen Sarkisyan Səhiyyə naziri Arsen Torosyanla görüşərək, koronavirus infeksiyası ilə bağlı vəziyyətdən narahatlığını bildirib.

Görünən odur ki, hökumətin istefası ilə bağlı tələblər artıq ən yüksək səviyyədə gündəmdədir. Belə görünür ki, hökumətin istefası qaçılmaz reallığa çevrilir.

  • “Vəziyyət daha da ağırlaşarsa, hökumətin istefası qaçılmaz ola bilər”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, pandemiya ilə əlaqədar yaranan vəziyyətlə Paşinyan hökuməti bacara bilmir: “Ən son məlumata görə, Ermənistanda virusa yoluxanların sayı 12 364-ə, ölənlərin sayı 190-a yüksəlib. Pandemiya ilə bağlı ölkədə çox acınacaqlı vəziyyət yaranıb. Paşinyan bunu komandasının səriştəsiz fəaliyyəti ilə yox, əhalinin qaydalara riayət etməməsi ilə əlaqələndirir. Bu da, öz növbəsində, cəmiyyətdə hiddətlə qarşılanır. Təsadüfi deyil ki, son vaxtlar erməni mətbuatında hökumətin istefası ilə bağlı fikirlər daha çox hallanır. Hökumətin pandemiya qarşısında acizliyi daha çox özünü göstərdikcə, artıq belə tələblər ən yüksək səviyyədə səslənir. Ermənistanda aparıcı siyasi dairələrin hərəkətə keçməsi və hökumətin istefası tələbləri ilə çıxış etməsi vəziyyətin kritikliyindən xəbər verir. Məsələ ondadır ki, Paşinyan nəinki pandemiya ilə bağlı problemlərin öhdəsindən gələ bilmir, eyni zamanda, ölkənin digər problemlərinin də həllinə nail ola bilməyib. Gör vəziyyət necə acınacaqlıdır ki, Avropa İttifaqı Ermənistana təyyarə uçuşlarını qadağan etdi. Bütün bunlar isə, öz növbəsində, hökuməti böhrana sürükləyir. Vəziyyət daha da ağırlaşarsa, hökumətin istefası qaçılmaz ola bilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər