Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Prezident kompleksdə olarkın bir sıra məqamlara toxunub.
O cümlədən, qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi: “Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı”.
Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”ə nə səbəbdən münasibət bildirmədiyini öyrənmək məqsədilə politoloq Ramiz Alıyevə müraciət etdik. O bildirdi ki, Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”ə bu təşkilat susqunluqla yanaşıb. AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək səssizlik nümayiş etdiriblər: “Baxmayaraq ki, 2001-ci ilin yanvarında Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan bu təşkilat qarşısında bir sıra öhdəliklər götürüblər. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. Amma bu həmməruzəçilərin susmaları işğalçı ermənilərin mövqelərini müdafiə etmələrinə daha bir sübutdur”.
Günel CƏLİLOVA