Zərdabdan 58 nəfər nəvə-kötücəsi olan qəhrəman ana Cahan Xəlilova Prezidentə nə yazdı...

Zərdab rayonunun Şəftəhal kəndindən qəhrəman ana Xəlilova Cahan Mahmud qızı Prezident İlham Əliyevə ünvanladığı müraciətdə qeyd edir:
“Mənim 11 övladım, 25 nəvəm, 20 nəticəm, 2 kötücəm var. Həyat yoldaşım Böyük Vətən Müharibəsinin iştirakçısı olub, 2004-cü ildə vəfat edib. Ailə vəziyyətimiz çox ağır olub. Ancaq buna baxmayaraq, həmişə xoşbəxt günlərimin qabaqda olacağı ümidi ilə yaşamışam. Bəli, bu gün mən özümü dünyanın ən xoşbəxt analarından biri hesab edirəm. Övladlarım, nəvələrim və nəticələrim dövlət müəssisələrində müəllim, hərbçi, həkim, mühəndis və neftçi işləyirlər. Onlarla fəxr edirəm. Bir qəhrəman ana olaraq, bütün bunlara görə bu günlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevə, sabitliyin, əmin-amanlığın qorunmasında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında həyata keçirdiyiniz və pandemiya ilə əlaqədar görülmüş qabaqlayıcı tədbirlərə görə Sizə minnətdaram”.
Qəhrəman ana qeyd edir ki, Prezident bir daha sübut edib ki, əhalinin sağlamlığı hər şeydən üstündür. Onun yazdığına görə, koronavirusun iqtisadiyyatımıza vurduğu ziyana baxmayaraq, imkansız və aztəminatlı ailələrə edilən yardımlar, verilən sosial müavinətlər, Böyük Vətən Müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə Qələbənin ildönümü ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi göstərir ki, bu çətin vəziyyətdə də ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq.
“Ən böyük arzularımdan biri odur ki, işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə azad edilsin. Əminəm ki, bu işin öhdəsindən də tezliklə gələcəksiniz” - deyə zərdablı qəhrəman ana vurğulayır.
Baki-xeber.com