07/07/2020 01:28
728 x 90

Qarabağdan Ermənistana üçüncü qanunsuz yol - Xocavəndin (Hadrut) Qafanla birləşdirilməsinə başladılar - dünyanın cinayətkar sükutu...

img

Qondarma “DQR”-in “rəhbəri” seçilmiş və hazırda Azərbaycanın işğal altında olan ərazisinin 20 faizinə nəzarət etmək funksiyasını icra edən Araik Arutyunyan  Ermənistanın infrastruktur naziri Suren Papikyanla birlikdə Qubadlı və Zəngilan rayonlarımıza səfər edib. Bu haqda erməni mediasında məlumat yayılıb.

Separatçı-terrorçu erməni rejiminin rəhbəri və işğalçı ölkə naziri Zəngilan rayonunda Ermənistan və Azərbaycan Respublikası ərazilərini birləşdirəcək  3-cü yolun tikintisinə hazırlıq işləri ilə tanış olublar. A.Arutyunyan bəyan edib ki, Xankəndi-Şuşa-Laçın-Gorus və Xankəndi-Ağdərə-Kəlbəcər-Basarkeçər yollarından sonra Hadrut (Xocavənd rayonu) ərazisini Ermənistanın Sünik mərkəzi (Qafan şəhəri) ilə  birləşdirəcək bu yeni yol “Qarabağda yeni və böyük məskunlaşdırma və iqtisadi inkişaf proqramlarının həyata keçirilməsinə” şərait yaradacaq. Ermənistanın rəsmi iştirakı ilə baş verən bu qanunsuzluğa dünya birliyi niyə susur?

  • Rəşad Bayramov: “Görünür, daha kəskin addımlar atmaq lazım gələcək”

AMİP funksioneri, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq bu cür addımlarla ermənilər sülh danışıqlarına məhəl qoymadıqlarını açıq nümayiş etdirirlər:“Bu prosesdə Ermənistanın özünün də dövlət səviyyəsində iştirakı əlavə sual üçün yer qoymur. Dünya birliyinin, xüsusilə də həmsədr ölkələrin mövzuya susqun reaksiyası da maraqlıdır və bizə başqa, alternativ addımların atılması üçün tam əsas verir. Dövlət səviyyəsində BMT, ATƏT, Avropa Şurası qarşısında məsələ qaldırılmalıdır. Azərbaycan Ermənistanın bu hərəkətlərini əsas gətirərək Qarabağ danışıqlarından imtina etməlidir. Hesab edirəm ki, Azərbaycan Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinə müraciət edib Ermənistana təzyiq etmələrini istəməlidir. Bu məsələlərdə Xarici İşlər Nazirliyimiz fəal və təşəbbüskar olmalıdır. Erməni saytları az qala hər gün xəbər və görüntü yayırlar ki, Dağlıq Qarabağın ətrafını necə məskunlaşdırırlar, Xocalıda, Laçında və Kəlbəcərdə binalar tikir, yollar çəkir, infrastruktur formalaşdırırlar. İstisna etmirəm ki, bu xəbərlərin bir hissəsi dezinformasiyadır, ermənilər hər şeyin yolunda getdiyini təlqin etməyə çalışırlar. Ancaq nə olursa-olsun, Azərbaycan XİN-lə Müdafiə Nazirliyinin birgə açıqlamasına ehtiyac var. Beynəlxalq vasitəçilərin duruma müdaxilə etməsi tələb olunmalıdır. Bildirilməlidir ki, erməni separatçıları işğal altındakı bu siyasəti davam etdirərlərsə, Azərbaycan ordusu buna qarşı müvafiq tədbirlər görəcək”.

Ekspertin sözlərinə görə, üçüncü yolun çəkildiyi ərazinin həm də başqa bir mühüm strateji əhəmiyyəti var:“İran-Azərbaycan sərhədinin Azərbaycan tərəfdən keçən hissəsini əhatə edir. Belə görünür ki, Ermənistan əslində İran ətrafında çevrənin daralması halında onun üçün “nəfəslik” rolunu oynayan İranla məxfi əlaqələr yaratmaq üçün yeni plan qurub. Bu da faktdır ki,  işğalçı ölkənin durumu ona belə iri layihəni həyata keçirməyə imkan vermir. Mümkündür ki, Ermənistanın himayədarları, yaxud erməni diasporu yol çəkilişinə maliyyə ayırıb. Ancaq görünür daha kəskin addımlar atmaq lazım gələcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər