Paytaxtın Nizami rayonu ərazisində “Azərconnekt” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumulyatorun naməlum şəraitdə oğurlanması barədə 25-ci Polis Şöbəsinə şikayət daxil olub.
Şöbə əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanıb. Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumulyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.
İstintaq zamanı məlum olub ki, R.Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumulyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.
Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.