Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanıb.
Polis şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Əli Əzizov olduğu, həmçinin şəhər sakini olan daha 1 qadını aldadaraq 200 manatını bank hesabından çıxararaq mənimsədiyi müəyyən edilib.
Mingəçevir ŞPŞ-də araşdıma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı