Oktyabrın 14-də Masallı şəhərində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilən Masallı açıq birinciliyi keçirilib. Turnirdə respublika üzrə 10 klubdan 200 idmançı iştirak edib.
Masallı rayon açıq birinciliyində “Qala” taekvando klubunun idmançıları da yarışıblar. Klub rəhbəri, 4 dan qara kəmər, birinci dərəcəli məşqçi Ramil Həsənov bizimlə söhbətində turnirin gərgin mübarizə şəraitində keçdiyini bildirdi. Həmişə olduğu kimi, bu dəfə də yetirmələrinin uğurla çıxış etdiyini deyən R.Həsənovun sözlərinə görə, bu gün respublikada taekvando idman növünün inkişafına xüsusi diqqət yetirilir və bunun nəticəsidir ki, vaxtaşırı olaraq müxtəlif klublar tərəfindən taekvando yarışları, açıq birinciliklər keçirilir. Bölgələrdə bu kimi yarışların, turnirlərin təşkil edilməsini müsbət dəyərləndirən R.Həsənovun qeyd etdiyinə görə, bu, uşaq, yeniyetmə və gənclərin taekvandoya marağının artmasına səbəb olur.
Dövlət Müstəqilliyi Gününə həsr edilən Masallı açıq birinciliyində klub idmançılarından Mirnadir və Mircəfər Cabbarov qardaşlarının 1-ci, Fatma İsmayılovanın, Elmir İsmayılovun, Kənan Yusifovun 2-ci, Gülnur Musazadə və Elgün Məmmədovun 3-cü yerə layiq görüldüyünü deyən R.Həsənov yetirmələrinin uğurlarına sevindiyini vurğuladı.
Qeyd edək ki, idmançıların məşqçiləri Ramil Həsənov və Fatma Əliyevadır.
İradə SARIYEVA