Şəmsəddin Əliyev: “Vətəndaşın azadlıqdan təcrid olunmaması cəmiyyət üçün təhlükə yaratmırsa, o zaman həmin şəxsin həbs olunması məqsədəmüvafiq deyil”
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov mətbuata açıqlamasında ölkəmizdə cəzaların humanistləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı bir sıra məqamlara toxunub:
“Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab Prezidentin 2017-ci il 10 fevral tarixli, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Yeri gəlmişkən, bu sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb”.
F. Ələsgərovun fikrincə, həmin sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir: “Belə ki, bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur".
Sözügedən sərəncamdan sonra istintaq zamanı həbs edilmiş şəxslərin sayının 30 faiz azalmasına ekspertlərin münasibəti necədir? Ümumən onlar bunu necə dəyərləndirirlər?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, həqiqətən də cəza siyasətinin humanistləşdirilməsi öz effektini verir: “Fuad müəllimin dedikləri reallığı əks etdirir. Həqiqətən də Prezidentin məlum sərəncamından sonra bu sahədə böyük dəyişikliklər var. Burada söhbət cəmiyyət üçün o qədər də təhlükə yaratmayan hallardan gedir. Vətəndaşın azadlıqdan təcrid olunmaması cəmiyyət üçün təhlükə yaratmırsa, o zaman həmin şəxsin həbs olunması məqsədəmüvafiq deyil. Yəni cəzanın humanistləşdirilməsinə bu prizmadan yanaşmaq lazımdır. Az ictimai təhlükəli, az ağır cinayətlərə görə cinayət əməli törədən şəxsin təcrid olunması məqsədəuyğun deyil. Bu baxımdan sərəncam praktikada öz effektini verir. Həm də bu, bir növ, profilaktik əhəmiyyət daşıyır. İlkin olaraq az ictimai təhlükəli, az ağır cinayət törədən şəxslərlə bağlı cəzanın humanistləşdirilməsi gələcəkdə onların hər hansı bir ağır cinayət törətməsinin qarşısını alır. Ona görə də bu çox yerində olan normativ aktdır və faktiki olaraq praktikada öz effektini verir”.
Vidadi ORDAHALLI