Multikulturalizm və azərbaycançılıq bir-birinin ayrılmaz parçası kimi mövcuddur. Multikulturalizmin Azərbaycan modeli bu gün özünü yüksək səviyyədə doğruldur. Çoxmədəniyyətli Azərbaycan bu dəyəri dünyaya təqdim edir.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinin mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq, 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edib.
Tədqiqatçılar vurğulayır ki, Azərbaycan multikulturalizminin özəlliyi multikulturalizmin bir sıra dünya dövlətlərində iflasa uğradığı bir şəraitdə respublikamızın multikulturalizmi özünün dövlət siyasəti bəyan etməsidir. Azərbaycanda bu siyasət uğurla həyata keçirilməkdədir və bu sahədə ölkənin əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyələrdə də etiraf olunur. Bundan başqa, bir sıra dövlətlər Azərbaycanın multikulturalizm təcrübəsini öyrənib tətbiq etmək istəyir.
Filologiya elmləri namizədi Sevinc Ələkbərzadə qeyd edir ki, multikulturalizm dəyərləri Azərbaycandan dünyaya yeni formatda yayılır: "Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb.
Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss edib, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətini yaşadır. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dilində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfəsini verir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub".
Multikulturalizmin özəlliklərindən danışan alim vurğulayır ki, bu dəyər dünyada insanlığın rəhnidir.
"Multikulturalizm nədir?" sualını şərh edən alim bildirir ki, sözün semantikası ingilis dilindən hərfi tərcümədə çoxmədəniyyətlilik (multi - çox, culture - mədəniyyət) anlamına gəlir: "Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə, etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur.
Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir.
Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlib. Termin kimi 1970-ci illərdə ədəbiyyatda əks olunub.
Orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur.
Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin (1141-1209) əsərləri bu cəhətdən xüsusilə fərqlənir. Onun yaradıcılığına əsasən deyə bilərik ki, Nizamidə multikulturalizm və tolerantlıq elementlərinə rast gəlmək mümkündür.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrıseçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. Nizami xalqların adını çəkərək onlara hörmətlə yanaşır.
Zəncinin zahiri qaradır, ancaq, Sən ağzından çıxan saf sözlərə bax. Zənci dəmir kimi qara, parlaqdır, Üzü qaradırsa, ürəyi ağdır.
XX əsrin əvvəllərində Bakı multikultural mədəniyyətə yaxınlaşmağa davam edirdi. Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə memar Koqnivitskinin layihəsi əsasında tikilmişdi. Bu teatrda 1908-ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışını qoruyub saxlayırdı. Şərqdə ilk dəfə olaraq Azərbaycanda Qərb mədəniyyətinin komponenti, opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır".
S.Ələkbərzadə yazır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin edib. O vurğulayır ki, Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi: "Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır".
"Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq".
Ulu öndər Heydər Əliyev bununla, ilk növbədə, multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərib.
Qeyd edək ki, hazırkı çətin dövrdə ölkəmizdə multikulturalizm dövlət siyasətinə çevrilib.
Multikulturalizm dəyərləri olmayan məkanda ayrıseçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər yaranır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.
Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə böyük hörmətlə yanaşırıq. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban Kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, qalanı isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir.
Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1,2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1,2) və başqa maddələri göstərmək mümkündür.
Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Təsadüfi deyil ki, dövlət başçısının qərarı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir. Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini vurğulayıb".
S.Ələkbərzadənin bildirdiyinə görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın fikrincə, mədəni müxtəlifliyin qorunmasında vacib şərtlərdən biri bu işlə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən qurumların da fəal məşğul olmasıdır. Multikultural prinsiplər Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik prinsipləri qədər vacib və zəruridir: "Bu gün multikulturalizm fənn kimi bir sıra universitetlərdə - Litva, Gürcüstan, Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Çexiya universitetlərində, eləcə də ölkəmizin bir çox ali məktəblərində tədris olunur. Azərbaycan multikulturalizmi fənninin böyük siyasi, ideoloji, mənəvi əhəmiyyəti var".
Bu gün Azərbaycanda mövcud olan mühitin dünyada əvəzi yoxdur. Azərbaycan çoxmədəniyyətli, çoxmillətli dövlət kimi bütün xalqların evi olaraq tanınır. Burada yaşayan hər bir xalqın nümayəndəsi özünü ən böyük azərbaycançı sayır. Bu da təsadüfi deyil, çünki onlar burada azad şəkildə yaşayır, fəaliyyət göstərir, mədəniyyətini yaşadır, dilini qoruyur və təbliğ edir.
Ölkəmiz multikultural prinsiplərə sadiqdir və bu yolu qoruyur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.