"Terrorçuları yaxşılara və pislərə bölmək olmaz. Yəni, sənin düşməninə qarşı mübarizə aparan terrorçu yaxşı, sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Mənim fikrimcə, öz həllini tapmalı olan başlıca məsələ budur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə vəziyyətlər daim yaranacaq”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Rossiya-24” informasiya telekanalına müsahibəsində "İraq Şam İslam Dövləti” terrorçu təşkilatı ilə bağlı sualı cavablandırarkən deyib.
Dövlət başçısı qeyd edib ki, öncə vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır: "Axı, o, başqa planetdən uçub gəlməyib. Bütün bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki, radikal, fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır”.