Rus hərbçilərinin Suriyada Fərat çayı üzərindən saldığı körpü təsadüf nəticəsində uçmayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəsmi orqanı olan “Krasnaya zvezda” qəzeti yazır. Nəşrdə bildirilir ki, yanvarın 6-da çayda suyun səviyyəsi bir neçə metr qalxıb, axıcılıq sürəti isə iki dəfə artıb. Ertəsi gün isə körpü uçub. Suriyalı mütəxəssislərin fikrincə, bu, Ət-Tabka Su Elektrik Stansiyasının barajında şlüzlərin məqsədli şəkildə açılması üzündən baş verib. Belə ki, ərazi ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin nəzarətindədir.
Qeyd edək ki, sözügedən körpü Deyr əz-Zor şəhəri yaxınlığında ötən ilin sentyabrında inşa edilmişdi. Uzunluğu 212 metr, yükgötürmə qabiliyyəti 60 ton olan körpü, Fəratın sol sahillərinə qaçqınlar qayıtmağa başladığından, həmin rayonlarda humanitar durumu yaxşılaşdırmaq məqsədilə oktyabrın 1-də Suriya tərəfinə verilmişdi.