ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyada hökumətyönlü qüvvələrin mövqelərini bombalayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə koalisiyanın İraq və Suriyada fəaliyyət göstərən “Inherent Resolve“ əməliyyat qərargahı açıqlama yayıb. Açıqlamada deyilir ki, bu barədə qərar amerikanların dəstəyini alan “Suriya demokratik qüvvələri”nin (SDQ) qərargahına hücumun ardından verilib. Xəbərə görə, hücum vaxtı koalisiya ölkələrinin hərbçiləri də SDQ-nin qərargahında olub. “Bunun ardından isə koalisiya qüvvələri İŞİD-ə qarşı mübarizə partnyorlarını qorumaq məqsədilə qarşı tərəfə cavab zərbələri endirib”- açıqlamada deyilir.
Digər təfərrüatlara yer verilməyən açıqlamada vurğulanır ki, “koalisiya əvvəlki kimi Fərat vadisində İŞİD-in məhvi missiyasına sadiqdir və lazım gələrsə, özünümüdafiə hüququndan da istifadə edəcək.
Qeyd edək ki, verilən xəbərlərdə Əsəd tərəfdarlarının 100 nəfərdən çox itki verdiyi, koalisiya güclərinin isə zərər görmədiyi, yalnız 1 SDQ hərbçisinin yaralandığı bildirilir.