“Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Münbiç bölgəsini də terrordan təmizləyib, bu torpaqları əsl sahiblərinə verəcək”. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının qrup yığıncağında deyib.
Çıxışında TSQ-nın Suriyanın Afrin bölgəsində “PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuları zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün başladığı “Zeytun Budağı” hərəkatına toxunan Ərdoğan Afrin və İdlibdə əməliyyatların qətiyyətli şəkildə davam edəcəyini bildirib.
Əməliyyatların nə zaman başa çatdırılacağı ilə əlaqəli bir sıra ölkələrdən səslər ucaldığını da vurğulayan Ərdoğan deyib: “Bizdən soruşurlar ki, əməliyyatları nə zaman başa çatdıracaqsınız? Onlara cavabımız belədir: Siz İraqda, Əfqanıstanda əməliyyatları nə vaxt bitirdiniz? Siz həmin ölkələrin heç biri ilə qonşu deyilsiniz. Belə olan halda oralarda nə işiniz var? 18 il oldu, hələ də ordasınız. Bizim 911 km sərhədimiz var. İndiyədək 700-dən artıq, terror təşkilatlarının təcavüzkar atışları ilə qarşı-qarşıya qaldıq, 100-dən artıq şəhidimiz var. Bunu ABŞ eşidirmi? Görürmü?”
ABŞ-ın davamlı ləngitmə taktikası tətbiq etdiyini bildirən Ərdoğan rəsmi Vaşinqtonun PKK/KCK/PYD-YPG üzvlərini Münbiçə yerləşdirdiyini, İŞİD-lə mübarizədən sonra bölgəni boşaldacaqları vədini verdikləri halda sözlərinə sadiq qalmadıqlarını söyləyib.
Ərdoğan “Hələ də “Münbiçə gəlməyin” deyirsiniz. Biz Münbiçə torpaqlarını əsl sahiblərinə təhvil vermək üçün gələcəyik. Bu bölgədə addım atılacaqdırsa, gəlin NATO-da birlikdə olduğunuz Türkiyə ilə birgə atılsın bu addım. Bizim problemimiz tamamilə terror təşkilatları ilə aramızdadır. ABŞ İŞİD-i təmizlədik deyir. Onda nə üçün hələ də burdasınız?” - deyə bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur: “Ölkəmizdən xaricdə heç bir qüvvə bizi hədələyə bilməz. Biz səbrli bir millət və dövlətik. Son iki əsri fədakarlıqla keçirdik. 5 milyon kvadrt km. sahəlik vətənimizdən diplomatik danışıqlarla cəmi 780 min kvadrt km. qalıb. İndi bəziləri onu da bizə çox görürlər. Bizə o qədər çox təzyiq göstərdilər ki, sonunda yatan divi oyatdılar. Hər kəs bilsin ki, yatmış div oyaqdır.
Partiyasının yığıncağından sonra jurnalistlərin suallarına cavab verən Ərdoğan ABŞ-ın terror təşkilatı PKK/KCK/PYD-İŞİD-ə verdiyi silahlarla əlaqəli Türkiyənin milli və beynəlxalq hüquq əsasında vacib olan addımları atacağını deyib.