Astanada Suriya nizamlanması üzrə beynəlxalq görüşün növbəti raundunun fevralın 20-də keçirilməsi planlaşdırılır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov deyib. Onun sözlərinə görə, “Astana prosesi”nə qarant duran ölkələr – Rusiya, Türkiyə və İran görüşün növbəti raundunun keçirilməsinə hazırlıq üzrə danışıqlar aparır. “Söhbət fevralın 20-si tarixindən gedir və qarant ölkələr tərəfindən informasiyanın dəqiqləşdirilməsini gözləyirik” o deyib.
Xatırladaq ki, 2017-ci ilin dekabrında Qazaxıstan paytaxtında Suriya nizamlanması üzrə beynəlxalq danışıqların 8-ci raundu keçirilib. Həmin görüşdə Rusiya, Türkiyə və İran Suriya milli dialoq konqresinin 29-30 yanvar tarixlərində Soçidə keçirilməsi barədə razılaşıb. Növbəti beynəlxalq Suriya danışıqlarının isə fevralın ikinci yarısında Astanada keçirilməsi qərara alınıb.