Avropa İttifaqı ABŞ-ın antirusiya sanksiyalarının sərtləşdirilməsi təşəbbüsünə qoşulmayacaq.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Belçikanın Baş naziri Şarl Mişel rusiyalı həmkarı Dmitri Medvedyevilə görüşün ardından bəyan edib. O deyib ki, Avroittifaqla Rusiya arasındakı fikir ayrılıqlarını bir kənara qoyub dialoqa getmək və məhsuldar münasibətlər qurmaq gərəkdir. Belçikalı nazir qeyd edib ki, Avroittifaqda Rusiya barəsində çox danışılsa da, onun özü ilə dialoqa təşəbbüs göstərilməyib və bu vəziyyət dəyişməlidir.
Xatırladaq ki, “Kreml siyahısı” ABŞ Maliyyə nazirliyi tərəfindən yanvarın 30-da açıqlanıb. Həmin siyahıya 114 iri məmur və dövlət şirkətlərinin rəhbərləri, 96 oliqarx, həmçinin Rusiya prezidentinin administrasiya rəhbərləri, XİN, FTB və ordu komandanlığının rəhbər şəxsləri daxil edilib. ABŞ tərəfi hələlik bu şəxslərə hər hansı məhdudiyyətlərin qoyulmadığını bildirsə də, bunun baş verəcəyini istisna da etməyib.